Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində dairəvi "yaşıl turizm"in inkişafı üzrə təşəbbüsü son dərəcə aktualdır.
"Report" xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Bakıda keçirilən "AQEM ölkələrində dairəvi "yaşıl turizm" konfransında bildirib.
Diplomat qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü bu təşəbbüs qlobal ekoloji çağırışlar fonunda xüsusi əhəmiyyət kəsb edir:
"Dünyanın iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və təbii sərvətlərdən davamlı istifadə ilə bağlı çağırışlarla üzləşdiyi bir vaxtda, turizm öz ənənəvi iqtisadi funksiyasının hüdudlarından kənara çıxmalıdır. O, ekologiyanın dəstəklənməsi, mədəniyyətin qorunması, sosial inteqrasiya və regional əməkdaşlıq üçün güclü bir vasitəyə çevrilməlidir".
Onun sözlərinə görə, Tacikistan turizm sahəsini ekoloji məlumatlılığın artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına kömək edən mühüm vasitə kimi nəzərdən keçirir.
Səfir vurğulayıb ki, "yaşıl turizm" konsepsiyası təkcə turist axınlarının artımına deyil, həm də ekosistemlərin qorunmasına, yerli iqtisadiyyatın dəstəklənməsinə, mədəni irsin mühafizəsinə və əhalinin rifahının yüksəldilməsinə diqqət yetirilməsini nəzərdə tutur:
"Bu kontekstdə AQEM-ə üzv dövlətlər arasında regional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Təcrübə, qabaqcıl metodlar və ekoloji həllərin mübadiləsi sayəsində biz regionumuzda daha davamlı və həyat qabiliyyətli turizm sistemləri qura bilərik".
Diplomat xatırladıb ki, Tacikistan AQEM çərçivəsində turizm sahəsində etimad tədbirlərinin koordinatorudur və turizmin davamlı inkişafının təşviqinə yönəlmiş birgə təşəbbüslərə öz töhfəsini verməyə davam edəcək.