Biləsuvar rayonunda “Hind toyuğu festivalı” keçirilib.
Rayon icra hakimiyyəti, “Azər Home Chef” şirkəti və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan festivalda hind toyuğu ətindən hazırlanan müxtəlif yeməklər qonaqlara təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mərkəzi Parkında təşkil olunan möhtəşəm festivalda yerli və xarici qonaqlar iştirak ediblər.
Festival boyu hind toyuğu quşundan hazırlanmış müxtəlif çeşidli təamlar qonaqlara təqdim olunub.
Festival iştirakçılarını salamlayan icra başçısı Faiq Qürbətov artıq üçüncü ildir ki, sevilərək qarşılanan bu möhtəşəm tədbirin rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıdığını, belə tədbirlərin milli mətbəximizin təbliğinə xidmət etdiyini deyib.
Festivala rəng qatan müxtəlif səpkili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Festival boyu tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında təqdim olunan geniş konsert proqramı, səhnəciklər iştirakçıların marağına səbəb olub.