Azərbaycan və İordaniya hava əlaqələrinin möhkəmləndirilməsi, turizm sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görüb, həmçinin nəqliyyat və İKT sahələrində sazişin imzalanmasına hazırlaşır.
Bu barədə "Report"a İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib.
"Hər iki tərəf İordaniya və Azərbaycan arasında aviasiya əlaqələrinin və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində artıq əhəmiyyətli işlər görüb. Hazırkı mərhələdə reyslərin tezliyinin artırılmasının konkret vaxtını söyləmək mümkün olmasa da, hazırda yay mövsümündə iki ölkə arasında həftədə bir dəfə birbaşa çarter reysləri həyata keçirilir", - o deyib.
Səfir həmçinin qeyd edib ki, iki ölkənin aidiyyəti nazirlikləri səfirliklərin koordinasiyası ilə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili üzrə işləri davam etdirirlər. Onun sözlərinə görə, bu səylər özəl sektorun daha fəal iştirakına və ikitərəfli ticarət-investisiya əməkdaşlığının genişlənməsinə kömək edəcək.
İkitərəfli müqavilə-hüquq bazasından danışan Ömər əl-Nahar qeyd edib ki, hazırda bir sıra yeni sazişlər üzrə məsləhətləşmələr davam edir: "Hazırda bununla bağlı məsləhətləşmələr davam edir. Müzakirə olunan istiqamətlərə nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT) və media sahəsində əməkdaşlıq da daxildir".
Diplomat əlavə edib ki, İordaniya nümayəndə heyəti iyulun 13-14-ü Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda iştirak edir.
Xatırladaq ki, iyulun 8-də İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan və İordaniya ümumvətəndaş pasportları sahibləri üçün qarşılıqlı viza rejiminin ləğvi haqqında saziş, eləcə də iki ölkə hökumətləri arasında energetika sahəsində anlaşma memorandumu imzalayıblar.