Qax şəhərindəki 28 May küçəsinin 1-ci döngəsi görənlərin diqqətini cəlb edir. Sakinlərin təşəbbüsü ilə abadlaşdırılan döngədə məişət tullantılarından gül və dibçək qabları düzəldilərək gözəl mənzərə, səliqə-sahman yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlər divarları boyayıb, tullantı materiallarından dibçəklər hazırlayaraq rəngbərəng güllər əkiblər. Bu fərqli mənzərə yoldan keçənlərin marağına səbəb olur.
Sakin Ramazan Allahverdiyevin bu təşəbbüsünə qonşular da qoşulublar. "Bu işə üç il əvvəl divarları ağartmaqla başladım. Gördüm ki, çox qəşəng alınır. Sonra gül əkməyə qərar verdim. Əvvəlcə öz qapımın ağzında əkdim, bəzilərini qablara yerləşdirib divardan asdım. Yavaş-yavaş bütün küçəni bəzədik. Qonşularım da mənə qoşuldu, asudə vaxt tapan kimi birlikdə çalışdıq", - deyə R.Allahverdiyev bildirib.
Məhəllə sakinləri yaşadıqları döngəni fəxrlə "Çiçəkli küçə" adlandırır və təmizliyə ciddi riayət edirlər.
Sakinlərin bu nəcib təşəbbüsü Qax Şəhər Bələdiyyəsi tərəfindən də yüksək qiymətləndirilir. Bələdiyyə sədrinin müavini Fərhad Fərhadov sakinlərin bu addımını yüksək vətəndaşlıq mövqeyinin göstəricisi hesab edir: "Bu abadlıq təkcə gözəllik deyil. Bu, həm də insanların rahatlığı, təmiz nəfəs alması və antisanitariyanın qarşısının alınmasıdır. Belə təmiz hava olan yerdə infeksiyalar və xəstəliklər də az olar. Biz bələdiyyə olaraq abad məhəllə və küçələrin yaradılması məsələsini dəfələrlə müzakirə etmişik. Lakin 28 May küçəsinin 1-ci döngəsində yaşayan sakinlərin atdığı bu addım hamı üçün əsl örnəkdir. Biz bu cür təşəbbüsləri ürəkdən alqışlayır və sakinlərə hər cür dəstək verməyə hazırıq".
F.Fərhadov onu da əlavə edib ki, sakinlərin bu xeyirxah təcrübəsinin şəhərin digər küçə və döngələrində də tətbiq olunması üçün təkliflər irəli sürülüb, hətta bir sıra məhəllə komitələrinin rəhbərləri bu nümunəvi işlə yerində tanış olublar.