Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyi daha 288 eksponatla zənginləşib

Türkiyənin ən böyük muzey komplekslərindən biri olan Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyinin kolleksiyası daha 288 eksponatla zənginləşib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sərgidə geniş təmir işlərinin aparıldığı məşhur turizm muzeyini ziyarət edib. O, Anadolu Sivilizasiyaları Muzeyini Türkiyənin mədəni irsinə hörmətin ən gözəl təzahürlərindən biri adlandırıb.

Nazir xatırladıb ki, muzey üçün 600 illik iki binanın ayrılması qərarı Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk tərəfindən verilib.

Anadolu Sivilizasiyaları Muzeyi bir neçə zala bölünüb və burada Türkiyə paytaxtının sakinlərini və qonaqlarını qiymətli eksponatlar gözləyir.

Paleolit dövrü zalında arxeoloqlar tərəfindən 25 min il əvvələ qədər tarixdən öncə insanların yaşadığı Karayin mağarasında aşkar edilmiş əşyalar nümayiş olunur. Sərgidə ilahələrin heykəlcikləri və maraqlı qayaüstü rəsmlər yer alır. Tunc dövrünə aid zərgərlik məmulatları, maral fiqurları və qadın fiqurları Het tayfalarının gündəlik həyatını təsvir edir.

Daha bir maraqlı artefakt təxminən eramızdan əvvəl 740-cı ilə aid Kral Midas kurqanından tapılan dəfn əşyalarının bir hissəsidir.

Burada tarix həvəskarları müxtəlif dövrlərə aid sikkələrə, zərgərlik məmulatlarına, sənət əsərlərinə və məişət əşyalarına da valeh ola bilərlər.