Azərbaycanlı turistlər I yarımildə Gürcüstanda 108 milyon dollar xərcləyib

Bu ilin I yarısında Gürcüstanın turizm sektorunun azərbaycanlı turistlərdən gəliri 107,6 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,9 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistik icmalda bildirilir.

Məlumata görə, cari ilin I rübündə azərbaycanlı turistlərdən gəlir 48,1 milyon ABŞ dolları, II rübündə isə 59,5 milyon ABŞ dolları təşkil edib.

Bütövlükdə Gürcüstanın turizmi birinci yarımillik ərzində 1 milyard 931,6 milyon ABŞ dolları gəlir əldə edib.

Statistika nümayiş etdirir ki, Azərbaycan 2026-cı ilin ilk yarısında Gürcüstanın turizm sektoruna gətirilən gəlirlərin həcminə görə top-5 ölkə sırasına daxildir.

Lider olaraq 335,7 milyon ABŞ dolları göstərici ilə Avropa İttifaqı (Böyük Britaniya daxil olmaqla) qalır, bu da iki rüb ərzində sahənin ümumi gəlirinin 17,4 %-ni təşkil edir. İkinci yerdə - 307,1 milyon ABŞ dolları ilə (15,9 %) Rusiya, üçüncü yerdə - 255,1 milyon ABŞ dolları ilə (13,2 %) Türkiyədir. Dördüncü yeri 222,7 milyon ABŞ dolları göstərici ilə (11,5 %) İsrail tutur.