Azərbaycanda süni intellekt və rəqəmsallaşma turizmi necə dəyişəcək? – ARAŞDIRMA

Turizm sənayesində rəqabətin qaydaları dəyişir. Əvvəllər turistin seçimində əsas meyarlar ölkənin təbii gözəllikləri, tarixi-mədəni irsi, qiymətləri və xidmət səviyyəsi idisə, bu gün bütün bunlara daha bir mühüm amil - rəqəmsal əlçatanlıq əlavə olunub. Turist artıq yalnız hara gedəcəyini deyil, həmin istiqamətə necə çatacağını, hotel və restoranları haradan tapacağını, qiymətləri necə müqayisə edəcəyini, xidmətləri onlayn necə bronlaşdıracağını və səfər zamanı hansı rəqəmsal imkanlardan istifadə edə biləcəyini də nəzərə alır.

Rəqəmsal texnologiyalar qlobal turizm sənayesini sürətlə dəyişir. Süni intellekt, onlayn bronlaşdırma sistemləri, rəqəmsal xəritələr, mobil tətbiqlər və elektron ödənişlər turistlərin səyahət planlaşdırmasından tutmuş xidmət seçimlərinə qədər bütün proseslərdə həlledici rol oynayır. Sosial şəbəkələr və istifadəçi rəyləri isə turistin qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilib. Beləliklə, turistin ölkə ilə ilk təması çox vaxt hava limanında və ya hotel qapısında deyil, axtarış sistemində, sosial şəbəkədə və ya rəqəmsal xəritədə baş verir.

Bu mənada turizm məhsulunun rəqəmsal mühitdə necə təqdim olunması onun fiziki mövcudluğu qədər əhəmiyyət daşıyır. Rəqəmsal xəritələrdə görünməyən, onlayn haqqında məlumat tapılmayan, qiyməti və iş saatları göstərilməyən, bronlaşdırılması mümkün olmayan turizm obyekti potensial turist üçün faktiki olaraq əlçatmaz hesab edilə bilər. Süni intellektin inkişafı isə bu prosesi daha da sürətləndirərək turistə fərdiləşdirilmiş marşrutlar təklif etmək, onun maraq və davranışlarını təhlil etmək və səyahət təcrübəsini daha rahat qurmaq imkanları yaradır.

Azərbaycan da son illər elektron viza sistemi, rəqəmsal ödəniş imkanları, onlayn turizm platformaları və Turizm İnformasiya Sisteminin yaradılması istiqamətində mühüm addımlar atır. Bununla yanaşı, xüsusilə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin rəqəmsallaşma səviyyəsi, vahid rəqəmsal ekosistemin formalaşdırılması və süni intellekt həllərinin tətbiqi kimi məsələlər hələ də aktual olaraq qalır.

Bəs Azərbaycan rəqəmsal turizm sahəsində regional rəqibləri ilə müqayisədə hansı mövqedədir? Ölkənin turizm biznesi rəqəmsal transformasiyaya nə dərəcədə hazırdır? Regionlardakı turizm obyektlərinin beynəlxalq rəqəmsal platformalarda görünüşünü necə artırmaq olar və süni intellekt Azərbaycanın turizm potensialının reallaşdırılmasına hansı töhfəni verə bilər?

"Report" Azərbaycan bu sahədə regional rəqibləri ilə müqayisədə hansı mövqedədir və turizm biznesi rəqəmsal transformasiyaya nə dərəcədə hazır olduğunu araşdırıb.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin fikrincə, müasir dövrdə rəqəmsallaşma artıq turistin seçiminə təsir edən amillərdən biri deyil, həmin seçimin formalaşdığı əsas mühitdir:

 

 
 

"Turistlər səyahət edəcəkləri ölkə haqqında ilk məlumatı sosial şəbəkələrdən və axtarış sistemlərindən əldə edir, xidmətləri rəylər əsasında müqayisə edir, xəritələr vasitəsilə marşrutlarını planlaşdırır və əksər hallarda səfərlərini onlayn bronlaşdırırlar. Beynəlxalq araşdırmalar da bu tendensiyanı təsdiqləyir. "Expedia Group"un "Wakefield Research" ilə birlikdə 2025-ci ildə apardığı araşdırmaya görə, respondentlərin 60 %-dən çoxu sosial medianı səyahət üçün əsas ilham mənbələrindən biri hesab edir. Sorğuda iştirak edənlərin 70 %-dən çoxu isə influenserlərin tövsiyələrinin turizm xidmətlərini və ya bütöv səfəri bron etmək qərarına təsir göstərdiyini bildirib".

 

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun təhlilləri də internetə çıxış, mobil rabitə, rəqəmsal ödənişlər və onlayn platformaların inkişafı ilə turizm gəlirləri arasında birbaşa əlaqənin olduğunu göstərir: "Yüksək sürətli internet turistlərə səfər zamanı fasiləsiz məlumat əldə etmək, xəritələrdən istifadə etmək və xidmətləri operativ bronlaşdırmaq imkanı yaradır. Rəqəmsal ödəniş sistemləri isə həm ödəniş prosesini asanlaşdırır, həm də turistlərin xərcləmə imkanlarını genişləndirir. Eyni zamanda, onlayn platformalarda yerləşdirilən rəylər biznesləri xidmət keyfiyyətini artırmağa sövq edir".

S. Dübəndi hesab edir ki, Azərbaycan rəqəmsal turizm sahəsində müəyyən üstünlüklərə malikdir: "ASAN Visa sistemi, rəqəmsal ödəniş imkanları, "Azerbaijan.travel" portalı, Turizm İnformasiya Sistemi və "Yolumuz Qarabağa" platforması ilə yanaşı, ölkənin "Booking.com", "Airbnb", "TripAdvisor" və "Google Maps" kimi beynəlxalq platformalarda təmsil olunması turistlərin məlumat əldə etməsini asanlaşdırır".

Bununla belə, ekspert Azərbaycanın hələ də regional rəqiblərindən geri qaldığı məqamların olduğunu vurğulayır.

Dünya İqtisadi Forumunun Turizm və Səyahətin İnkişafı İndeksində (TTDI 2024) Azərbaycanın 119 ölkə arasında 56-cı yerdə qərarlaşdığını xatırladan S. Dübəndi bildirir ki, Gürcüstan bu reytinqdə 45-ci, Ermənistan isə 72-ci pillədə yer alıb.

"Gürcüstan xüsusilə özəl turizm obyektlərinin beynəlxalq rəqəmsal platformalarda görünməsi baxımından daha irəlidədir. Beynəlxalq Telekommunikasiya İttifaqının 2026-cı il İKT İnkişaf İndeksində də Azərbaycan internet infrastrukturu baxımından güclü potensiala malik olsa da, Gürcüstandan geri qalır. Bununla yanaşı, həmin indeksin turizm biznesinin rəqəmsallaşmasını deyil, internetə çıxış və rəqəmsal əlçatanlığı qiymətləndirir".

Onun fikrincə, Azərbaycanın əsas üstünlükləri dövlət elektron xidmətləri, təhlükəsizlik, mobil rabitə və rəqəmsal ödəniş imkanlarıdır: "Əsas çatışmazlıq isə regionlardakı turizm məhsullarının rəqəmsal görünürlüğünün zəif olması, xəritələrdə tam və düzgün təqdim edilməməsi, çoxdilli məlumatların, aktual qiymətlərin, iş saatlarının, marşrutların və birbaşa bron imkanlarının məhdudluğudur. Turist üçün rəqəmsal xəritədə görünməyən və onlayn əldə olunmayan turizm məhsulu, demək olar ki, mövcud deyil", - deyə o bildirir.

Süni intellektin turizmdə tətbiqindən danışan S. Dübəndi hesab edir ki, bu texnologiya yeni turizm məhsulu yaratmır, mövcud məhsulu düzgün turistə, düzgün vaxtda və düzgün formada təqdim etməyə imkan verir: "Turistin maraqları, büdcəsi, yaşı, dili və səfər müddəti nəzərə alınmaqla fərdiləşdirilmiş marşrutların hazırlanması turistlərin ölkədə qalma müddətini və xərclərini artırmağa kömək edə bilər. Bunun üçün ilk növbədə hotellər, qonaq evləri, restoranlar, muzeylər, bələdçilər, nəqliyyat xidmətləri və turizm marşrutları barədə etibarlı milli məlumat bazası yaradılmalıdır. Daha sonra bu məlumat bazası "Google Maps", "Apple Maps", beynəlxalq bron platformaları, banklar və nəqliyyat sistemləri ilə inteqrasiya edilməli, növbəti mərhələdə isə çoxdilli süni intellekt köməkçisi, vahid elektron bilet, QR kod sistemi və onlayn ödəniş mexanizmi tətbiq olunmalıdır. Bununla yanaşı, şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri də diqqətdə saxlanılmalıdır".

S. Dübəndinin sözlərinə görə, Azərbaycanda turizm biznesinin rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi bütün regionlarda eyni deyil: "Paytaxtda fəaliyyət göstərən beynəlxalq hotel şəbəkələri və iri turizm şirkətləri müasir rəqəmsal həllərdən istifadə etsələr də, regionlarda rəqəmsallaşma əksər hallarda sosial şəbəkə hesabı, "WhatsApp" üzərindən əlaqə və kartdan-karta ödəniş səviyyəsində qalır".

Ekspertin fikrincə, regionlarda fəaliyyət göstərən mikro və kiçik turizm biznesinə subsidiyalı veb-saytlar, onlayn bronlaşdırma modulları, peşəkar foto və mətn kontenti, rəqəmsal ödəniş sistemləri və reputasiya idarəçiliyi üzrə dəstək verilməlidir:

"Dövlət dəstəyi isə texniki avadanlıqlardan daha çox satış və gəlir yaradan rəqəmsal həllərin tətbiqinə yönəldilməlidir. Yaxın illərdə turizmdə rəqabət artıq yalnız təbiət, tarix və qiymət üzərində qurulmayacaq. Əsas üstünlüyü turistin xidmətləri nə qədər asan tapa bilməsi, müqayisə etməsi, bronlaşdırması və istifadə etməsi müəyyənləşdirəcək. Azərbaycan elektron viza, rəqəmsal ödənişlər və dövlət platformaları baxımından mühüm baza formalaşdırsa da, turistin səfərdən əvvəl, səfər zamanı və səfərdən sonra istifadə etdiyi bütün xidmətləri vahid rəqəmsal ekosistemdə birləşdirmək hələ də əsas vəzifələrdən biri olaraq qalır".

 

 
 

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurovun fikrincə, rəqəmsallaşma artıq turizm sənayesinin ayrılmaz hissəsinə çevrilib və müasir turistin qərarvermə prosesində mühüm rol oynayır: "Səyahət planlaşdırılması, istiqamət seçimi, xidmətlərin müqayisəsi, bronlaşdırma və ödəniş proseslərinin böyük hissəsi rəqəmsal platformalar üzərindən həyata keçirilir. Buna görə də turizm müəssisələrinin rəqəmsal mühitdə aktiv və əlçatan olması rəqabət qabiliyyətinin əsas göstəricilərindən birinə çevrilib. Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı turizm sektorunda da yeni imkanlar yaradıb. Süni intellekt turistlərin maraqlarını, əvvəlki səyahətlərini, büdcəsini və davranış modellərini təhlil edərək onlara daha fərdiləşdirilmiş marşrutlar və xidmətlər təklif edə bilir. Bu isə həm turist məmnunluğunu artırır, həm də ölkədə qalma müddətinin və xərclərin artmasına müsbət təsir göstərir".

 

Bununla yanaşı, C. Aşurov vurğulayır ki, süni intellekt turizm məhsulunun özünü yaratmır: "Onun əsas funksiyası mövcud turizm potensialını daha düzgün təqdim etmək, turistlə xidmət arasında əlaqəni asanlaşdırmaq və seçim prosesini sürətləndirməkdir. Bu baxımdan texnologiya insan faktorunu əvəz etmir, əksinə, onu tamamlayan alət kimi çıxış edir. Azərbaycanın turizm potensialı kifayət qədər genişdir. Lakin bu potensialın tam reallaşdırılması üçün rəqəmsal həllərin daha geniş tətbiqinə ehtiyac var. Xüsusilə regionlarda fəaliyyət göstərən hotellərin, qonaq evlərinin, restoranların və digər turizm obyektlərinin beynəlxalq platformalarda daha görünən olması, məlumatların mütəmadi yenilənməsi və onlayn bronlaşdırma imkanlarının artırılması vacibdir".

Onun sözlərinə görə, turist üçün ən vacib məsələlərdən biri etibarlı məlumat əldə etməkdir: "Xəritələrdə düzgün koordinatlar, aktual iş saatları, qiymətlər, əlaqə vasitələri və istifadəçi rəyləri turistin qərarına birbaşa təsir göstərir. Əgər bu məlumatlar natamam və ya köhnədirsə, turist alternativ istiqamət seçə bilər.

Rəqəmsallaşma yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmamalıdır. Turizm müəssisələri rəqəmsal marketinq, sosial media idarəçiliyi, onlayn reputasiya, müştəri rəylərinə operativ cavab verilməsi və müasir satış kanallarından istifadə sahəsində də bacarıqlarını inkişaf etdirməlidirlər. Çünki müasir turist təkcə xidmətin keyfiyyətini deyil, həmin xidmət haqqında internetdə formalaşan rəyi də nəzərə alır".

Ekspertin fikrincə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi rəqəmsal transformasiyanın sürətlənməsində mühüm rol oynaya bilər: "Turizm obyektlərinin vahid məlumat bazasına inteqrasiyası, elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal bacarıqların artırılması istiqamətində həyata keçiriləcək layihələr sektorun ümumi inkişafına töhfə verəcək. Gələcəkdə turizmdə uğur qazanan ölkələr yalnız zəngin təbii və mədəni resurslara malik olanlar deyil, həm də həmin resursları rəqəmsal platformalarda effektiv təqdim edən, turistə rahat və təhlükəsiz xidmət göstərən ölkələr olacaq. Bu baxımdan Azərbaycanın rəqəmsallaşma istiqamətində atdığı addımlar müsbət qiymətləndirilsə də, prosesin davamlı şəkildə inkişaf etdirilməsi və xüsusilə regionlarda daha geniş tətbiq olunması vacibdir".

C. Aşurovun qənaətinə görə, rəqəmsallaşma turizmin gələcəyini müəyyən edən əsas istiqamətlərdən biridir: "Lakin texnologiyanın səmərəli nəticə verməsi üçün yüksək xidmət keyfiyyəti, peşəkar insan resursları və rəqabətqabiliyyətli turizm məhsulları ilə birlikdə inkişaf etdirilməsi əsas şərtdir".

Dövlət Turizm Agentliyi (DTA) "Report"un sorğusuna cavab olaraq bildirib ki, hazırda turizm sahəsində əsas rəqəmsal platformalardan biri Turizm Reyestridir.

"Sistem vasitəsilə turizm sənayesi subyektlərinin qeydiyyatı tam elektronlaşdırılıb və müraciətlər "digital login" sistemi üzərindən həyata keçirilir. Qeydiyyat zamanı tələb olunan vergi və digər məlumatlar müvafiq dövlət informasiya sistemlərindən inteqrasiya yolu ilə avtomatik əldə olunur. Növbəti mərhələdə Turizm İnformasiya Sistemi (TİS) istifadəyə veriləcək. Yeni sistem "Turizm Reyestri", "E-xidmətlər" və "Statistika və hesabatlar" altsistemlərini vahid platformada birləşdirəcək. TİS vasitəsilə məlumatların toplanması və emalı, müxtəlif dövlət informasiya sistemləri ilə inteqrasiya, monitorinq, analitik təhlillər, proqnozların hazırlanması və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi təmin ediləcək".

DTA turist davranışlarının öyrənilməsi istiqamətində də rəqəmsal alətlərdən istifadə olunduğunu bildirir:

"Belə ki, "azerbaijan.travel" portalında istifadəçilərin axtarış sorğuları, maraq göstərdikləri istiqamətlər və səyahət planlaşdırarkən etdikləri seçimlər anonim və ümumiləşdirilmiş şəkildə təhlil edilir. Turistlərin xərcləri ilə bağlı statistik göstəricilər də istehlak davranışının və bazar meyillərinin qiymətləndirilməsi üçün istifadə olunur. Əldə olunan nəticələr turizm məhsullarının inkişafı, marketinq strategiyasının hazırlanması və hədəf bazarların müəyyənləşdirilməsi zamanı nəzərə alınır".

Agentlik həmçinin bildirir ki, yenilənmiş "azerbaijan.travel" portalında süni intellekt əsaslı həllərin tətbiqi planlaşdırılır.

"Portalda istifadəçilərin maraq dairəsi, üstünlükləri və səfər məqsədlərinə uyğun fərdiləşdirilmiş marşrutlar hazırlayan süni intellekt əsaslı səyahət planlayıcısının yaradılması istiqamətində iş aparılır. DTA-nın strateji hədəflərindən biri də vahid rəqəmsal turizm ekosisteminin formalaşdırılmasıdır. Hazırda turagentlər, turoperatorlar, yerləşmə vasitələri və turist bələdçiləri Turizm İnformasiya Sistemində qeydiyyatdan keçərək vahid platformada təmsil olunurlar. Gələcəkdə sistemin imkanlarının genişləndirilməsi ilə iaşə obyektləri, muzeylər, sənətkarlar, nəqliyyat xidmətləri və digər turizm subyektlərinin də bu platformaya inteqrasiyası nəzərdə tutulur".

Agentliyin məlumatına əsasən, hazırda Turizm Reyestrində 815 yerləşmə vasitəsi, 386 turoperator və turagent, eləcə də 108 turist bələdçisi qeydiyyatdan keçib: "Onlardan 534 yerləşmə vasitəsi, 53 turoperator və turagent, həmçinin 4 bələdçi təsnifat mərhələsi üzrə də məlumatlarını təqdim edib. Turizm İnformasiya Sisteminin tam tətbiqi turizm biznesi üçün elektron xidmətlərin genişlənməsinə, idarəetmənin təkmilləşməsinə və sektor üzrə məlumatların daha səmərəli təhlilinə imkan verəcək".