Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 8 %-dən çox azalıb

Bu ilin I yarısında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % azalaraq 1 milyon 807,9 min olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 58,8 %-i Bakıda, 5,9 %-i Qusarda, 5,5 %-i Naftalanda, 3,4 %-i Qəbələdə, 3,1 %-i Qubada, 3 %-i Lənkəranda, 2,1 %-i Xaçmazda, 1,9 %-i Gəncədə, 1,8 %-i Şuşada, 1,5 %-i Şamaxıda, 1,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,1 %-i Şabranda, 1,1 %-i Masallıda və 9,6 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 %-ni təşkil edir. Gecələmələrin ümumi sayının 14,1 %-i Türkiyə, 13 %-i Rusiya, 7,1 %-i Hindistan, 6,9 %-i İsrail, 4,6 %-i Səudiyyə Ərəbistanı, 4,6 %-i Çin, 4,1 %-i Qazaxıstan, 3,9 %-i Özbəkistan, 3,8 %-i Pakistan, 2,4 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,3 %-i Böyük Britaniya, 2,3 %-i ABŞ, 1,7 %-i Almaniya, 1,3 %-i Küveyt, 1,1 %-i İtaliya, 1 %-i Gürcüstan, 0,8 %-i İran, 0,7 %-i Cənubi Koreya, 0,7 %-i Ukrayna, 23,6 %-i isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,9 %-i Bakıda, 5,6 %-i Qusarda, 5,6 %-i Naftalanda, 2,1 %-i Qəbələdə, 1 %-i Qubada, 3,8 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 %-ni təşkil edir.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri illik müqayisədə 3,8 % azalaraq 279 milyon manat olub ki, onun da 61,1 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 %-i ictimai iaşə xidmətlərindən, 3,2 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

6 ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 % olub (2025-ci ilin yanvar-iyun aylarında 21,4 %). Bu göstərici Naftalanda 41,7 %, Şabranda 34,1 %, Neftçalada 30,8 %, Sabirabadda 29,6 %, Bakıda 29,4 %, Qusarda 26,7 %, Bərdədə 19,2 %, Lənkəranda 18,7 %, Salyanda 18,5 %, Beyləqanda 18,4 %, Laçında 17,6 %, Şamaxıda 17 %, Qəbələdə 15,8 %, digər şəhər və rayonlarda isə 15 %-dən aşağı olub.