Ötən il Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 75 min turist ziyarət edib

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ötən il 75 min turist ziyarət edib.

"Report"un Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bunu muzeyin direktoru Leyla Məmmədova Dövlət Turizm Agentliyinin Lənkəranan təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Direktorun sözlərinə görə, əcnəbi turistlər həm muzeyin yerləşdiyi tarixi binaya, həm də burada nümayiş olunan eksponatlara böyük maraq göstərirlər: "Əcnəbilərin həm mülk olaraq bu binaya, həm də burada sərgilənən əşyalara maraqları var. Xüsusilə tarixi keçmişimizi öyrənmək üçün məişətdə istifadə olunan əşyalarla daha çox maraqlanır və məlumat alırlar".

O bildirib ki, ötən ilin hesabatına əsasən, muzeyi 75 min turist ziyarət edib: "Bu ilin statistikası isə ilin sonunda açıqlanacaq".

Muzeyin eksponat fondu barədə də məlumat verən L.Məmmədova qeyd edib ki, hazırda müəssisədə 12 min 500 eksponat var: "Muzeyimizdə 6 min eksponat ekspozisiyada sərgilənir. Əvvəllər ümumi eksponat sayı 10 min idi, daha sonra tərəfimizdən 2 min 500 eksponat da əlavə olunaraq bu rəqəm 12 min 500-ə çatdırılıb".