CAREC ölkələri Turizmin İnkişaf Strategiyasının praktiki icrasına başlayıb

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının iştirakçı ölkələri CAREC-in 2030-cu ilə qədər olan dövrü əhatə edən Turizmin İnkişaf Strategiyası çərçivəsində təşəbbüslərin praktiki icrasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə CAREC-in Turizm üzrə İşçi Qrupunun Daşkənddə keçirilən iclasının yekunlarına əsasən məlum olub.

Tədbir iştirakçıları – aidiyyəti qurumların, inkişaf institutlarının və özəl sektorun nümayəndələri strateji bəyannamələrdən layihələrin məqsədyönlü icrasına keçid mexanizmlərini müzakirə ediblər.

Mütəxəssislər bank investisiya layihələrinin dayanıqlı portfelinin yaradılmasına, regionlararası koordinasiyanın gücləndirilməsinə, transsərhəd qarşılıqlı əlaqənin inkişafına, nəqliyyat bağlantısının yaxşılaşdırılmasına, turizm sektorunda rəqəmsal texnologiyaların tətbiqinə, dayanıqlı inkişaf prinsiplərinə riayət olunmasına və mütəxəssislərin peşəkar hazırlığına xüsusi diqqət yetiriblər.

Qarşıdan gələn dövr üçün prioritet vəzifələrə "Visit Silk Road" informasiya platformasının yenilənməsi, investisiyaların təşviqi üzrə beynəlxalq standartların tətbiqi və iştirakçı ölkələrin turizm sektorunun rəqəmsal yetkinlik səviyyəsinin təhlili daxil edilib. 2026-2027-ci illər üçün birgə proqrama hazırlıq mərhələlərində layihələrə ekspert dəstəyi və regional təcrübə mübadiləsi alətlərinin inkişafı daxildir.

Xatırladaq ki, CAREC proqramı çərçivəsində 10 üzv ölkə fəaliyyət göstərir. Proqram 1997-ci ildə Asiya İnkişaf Bankı (ADB) tərəfindən regionda nəqliyyat, ticarət və enerji sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təsis edilib. Azərbaycan bu proqrama 2003-cü ildən qoşulub.