Azərbaycanın turizm xidmətləri üzrə profisiti 47,2 milyon dollar olub

2026-cı ilin ilk altı ayında Azərbaycanın xarici ölkələrlə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 14,7 faiz azalaraq 1,4 milyard dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Hesabat dövründə turizm xidmətləri üzrə ixrac 747,8 milyon dollar, idxal isə 700,6 milyon dollar olub. Nəticədə turizm xidmətləri üzrə 47,2 milyon dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 5,1 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10,3 faiz azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 700,6 milyon dollar təşkil edib. Bunun 75,9 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

 

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,9 milyon dollar təşkil edib.

Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 4,9 faiz artaraq 1,2 milyard dollara çatıb.

2026-cı ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.2 milyard dollar təşkil edib. Bunun 5.1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1.2% azalaraq 1.0 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.0 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 66.5 milyon dollar olub.