Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxışında mühüm tranzit ölkə kimi çıxış etməklə yanaşı, türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında da xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında türk turizm eksperti Adnan Zamburkan bildirib.

Onun sözlərinə görə, türk dövlətləri arasında tarixi, mədəni və mənəvi bağların mövcudluğu turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensiala malikdir. A.Zamburkan əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Türkiyə, Mərkəzi Asiya və digər türk dövlətləri arasında mühüm əlaqələndirici mərkəzə çevirir.

“Xəzər dənizi üzərindən formalaşan nəqliyyat bağlantıları turistlərin region daxilində hərəkət imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan həm Xəzər dənizinə çıxışı, həm zəngin təbiəti, həm də qədim tarixə və çoxşaxəli mədəni irsə malik olması ilə fərqlənir. Bundan başqa, Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Qafqazda yerləşən yeganə türk dövləti olması Azərbaycanın özünəməxsus xüsusiyyətidir. Bu mövqe ölkəyə Türk dünyası ilə Qafqaz arasında mühüm əlaqələndirici rol oynamaq imkanı verir”, - deyə Adnan Zamburkan vurğulayıb.

Ekspert qeyd edib ki, türk dövlətləri arasında birgə turizm marşrutlarının yaradılması, tarixi və mədəni irsin qarşılıqlı təbliği, turizm sərgilərində birgə iştirak və rəqəmsal platformalar vasitəsilə ortaq turizm məhsullarının tanıdılması qarşılıqlı turist axınının artmasına şərait yarada bilər: “Azərbaycan zəngin tarixi-mədəni irsi, müxtəlif iqlim qurşaqları, Xəzər sahili və müasir turizm infrastrukturu ilə Türk dünyasının ümumi turizm potensialında mühüm yer tutur. Azərbaycanın Bakı ilə yanaşı, Şəki, Qəbələ, Naxçıvan və Qarabağ kimi bölgələrinin də beynəlxalq turizm marşrutlarına daxil edilməsi ölkələr arasında turizm əməkdaşlığının genişlənməsinə imkan verə bilər”.

Adnan Zamburkan vurğulayıb ki, nəqliyyat və logistika bağlantılarının inkişafı ilə yanaşı, viza və sərhəd prosedurlarının sadələşdirilməsi, birbaşa uçuşların artırılması və qarşılıqlı turizm proqramlarının hazırlanması türk dövlətləri arasında turizm əlaqələrinin daha da intensivləşməsinə xidmət edəcək.

Bundan başqa, regionlararası nəqliyyat imkanlarının genişləndirilməsi və turistlər üçün vahid turizm paketlərinin hazırlanması Türk dünyası daxilində səyahətlərin daha da asanlaşdıracaq.