Turizm iqtisadiyyatın bir çox digər sahələrinə güclü təsir göstərən investisiya sektorudur - Fuad Nağıyev

Turizm iqtisadiyyatın bir çox digər sahələrinə güclü təsir göstərən investisiya sektorudur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev şənbə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: “Daşınmaz əmlak, turizm və şəhərsalma”adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin vacib tərkib hissəsinə çevrilib.

“2025-ci ildə turizmlə bağlı fəaliyyətlər əlavə dəyərdə 7 milyard manata yaxın gəlir gətirmiş, sektorun ölkə iqtisadiyyatındakı payı isə təxminən 5,4 faizə çatmaqla pandemiyadan əvvəlki səviyyəni keçib. Yalnız 2025-ci ildə turizm xidmətləri xarici valyuta gəlirləri şəklində təxminən 2 milyard ABŞ dolları təşkil edib.

Digər vacib element turizm və istirahət zonalarının inkişafıdır. Bu zonalar turizm xidmətlərini və məkan inkişafını bir araya gətirərək davamlı turizm inkişafı və investisiyalar üçün şərait yaratmaq məqsədilə layihələndirilib”,- deyə o qeyd edib.

F.Nağıyev əlavə edib ki, beynəlxalq otel brendləri və kurort layihələri üçün böyük potensial, eləcə də lüks, mədəni və təcrübəvi turizmdə artan imkanlar görürük.

“Azərbaycanın zəngin biomüxtəlifliyi, zəngin mədəni irsi və unikal turizm aktivləri beynəlxalq ziyarətçilər üçün fərqli və yüksək dəyərli təcrübələrin inkişafı üçün möhkəm bünövrə yaradır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gündür davam edən forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunub.