2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 min 296 turist bilet alaraq ziyarət edib. Onların 303 min 426 nəfəri xarici, 128 min 870 nəfəri yerli turistlər olub. 95 min 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
O bildirib ki, Palçıq Vulkanları Turizm Kompleksini isə 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə 28 min 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 min 235 nəfəri xarici turist olub. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.