Azərbaycan zəngin təbiəti, tarixi-mədəni irsi və müxtəlif turizm istiqamətləri ilə beynəlxalq turizm bazarında mövqelərini gücləndirmək üçün geniş imkanlara malikdir. Qarabağ Milli Parkının yaradılması təşəbbüsü isə ölkəmizin ekoturizm potensialının inkişafı, biomüxtəlifliyin qorunması və bölgəyə daha çox xarici turistin cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında türk turizm və iqtisadiyyat eksperti Adnan Zamburkan bildirib.
Ekspertin fikrincə, müasir dövrdə turistlərin səyahət seçimlərində təbiət qoynunda istirahət, ekoloji turizm, milli parklar və dayanıqlı turizm marşrutları getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Azərbaycan özünəməxsus təbii landşaftları, zəngin flora və faunası, eləcə də Qarabağın turizm potensialı ilə fərqli turizm məhsulları formalaşdıra bilər.
O qeyd edib ki, Qarabağda milli parkın yaradılması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də yeni iqtisadi imkanların meydana çıxması, yerli əhalinin məşğulluğunun artırılması və bölgədə xidmət sektorunun inkişafı baxımından əhəmiyyətli ola bilər. Belə bir layihənin uğurlu olması üçün ərazinin ekoloji xüsusiyyətləri, biomüxtəlifliyi və təbii resursları nəzərə alınmalı, turizm infrastrukturu isə ətraf mühitə minimum təsir prinsipi əsasında qurulmalıdır.
Adnan Zamburkanın sözlərinə görə, dünya təcrübəsi göstərir ki, milli parklar düzgün idarə olunduqda ölkələrin turizm cəlbediciliyini artıran mühüm mərkəzlərə çevrilir. ABŞ, Türkiyə və Avropanın bir sıra ölkələrində milli parklar təbiətin qorunması ilə yanaşı, yerli iqtisadiyyatın inkişafına, turizm gəlirlərinin artmasına və regionların beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Ekspert vurğulayıb ki, bu təcrübədən yararlanarkən Azərbaycanın özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə Qarabağda ekoturizmin inkişafı üçün müasir ziyarətçi mərkəzlərinin yaradılması, ekoloji cəhətdən təhlükəsiz marşrutların hazırlanması, bələdçi xidmətlərinin təşkili və yerli məhsulların turizm dövriyyəsinə cəlb edilməsi vacibdir. Bununla yanaşı, turistlərin təhlükəsizliyi, ərazilərin əlçatanlığı və təbii irsin qorunması əsas prioritetlər olmalıdır.
Onun fikrincə, Azərbaycanın turizm strategiyasında Qarabağın təbii və mədəni sərvətlərinin vahid konsepsiya əsasında təqdim edilməsi bölgənin beynəlxalq turizm xəritəsində daha geniş tanınmasına kömək edə bilər. Təbiət turizminin tarixi-mədəni marşrutlar, yerli mətbəx və kənd turizmi ilə əlaqələndirilməsi turistlərin bölgədə qalma müddətini uzada, turizm xidmətlərinə tələbatı artıra bilər.
Adnan Zamburkan hesab edir ki, Qarabağda turizm layihələrinin uzunmüddətli uğuru iqtisadi səmərəliliklə ekoloji dayanıqlılıq arasında düzgün tarazlığın yaradılmasından asılıdır. Milli parkın yaradılması və idarə olunması zamanı beynəlxalq standartların tətbiqi, elmi tədqiqatların aparılması, yerli icmaların prosesə cəlb edilməsi və təbiətin mühafizəsi üzrə maarifləndirmə tədbirlərinin təşkili mühüm rol oynaya bilər.
Ekspert əlavə edib ki, Azərbaycanın artan turizm imkanlarından səmərəli istifadə edilməsi ölkənin beynəlxalq turizm bazarında rəqabət qabiliyyətini yüksəltməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərə bilər.