Qarabağ Milli Parkının yaradılması Azərbaycanın turizm potensialının genişləndirilməsi, təbii sərvətlərinin qorunması və işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi imkanların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Soner Kılıç bildirib.
Soner Kılıçın sözlərinə görə, Qarabağ dağlıq relyefi, meşələri, çayları, zəngin biomüxtəlifliyi və tarixi-mədəni irsi ilə müxtəlif turizm istiqamətlərinin inkişafı üçün əlverişli imkanlara malikdir. Milli park ərazisində ekoloji marşrutların, piyada və dağ yürüşlərinin, quş müşahidəsi turlarının, fotoqrafiya səfərlərinin və təbiət düşərgələrinin təşkili turistlər üçün yeni məhsulların yaradılmasına şərait yarada bilər.
O vurğulayıb ki, milli parkların iqtisadi əhəmiyyəti yalnız giriş biletlərindən əldə olunan gəlirlə məhdudlaşmır. Belə ərazilərin ətrafında hotellərin, qonaq evlərinin, restoranların, nəqliyyat və bələdçilik xidmətlərinin inkişafı geniş iqtisadi dövriyyə formalaşdırır. Yerli əhalinin hazırladığı suvenirlər, milli mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları və digər xidmətlər də turizmdən əldə olunan gəlirlərin regionda qalmasına kömək edir.
“Qarabağ Milli Parkı düzgün planlaşdırıldığı təqdirdə yalnız təbiətin qorunduğu ərazi deyil, həm də regionun iqtisadi inkişafına xidmət edən mühüm turizm mərkəzinə çevrilə bilər.”, – deyə ekspert bildirib.
Türk ekspert dünya təcrübəsinə diqqət çəkərək bildirib ki, ABŞ-dəki “Yellowstone” Milli Parkı, Tanzaniyadakı “Serengeti” Milli Parkı və Kosta-Rikanın qorunan təbiət əraziləri təbiətin mühafizəsi ilə turizm fəaliyyətinin əlaqələndirilməsinin nümunələri hesab olunur. Bu ərazilər təbiət müşahidəsi, bələdçili turlar, yerləşmə və digər xidmətlər vasitəsilə həm turistlər cəlb edir, həm də yerli iqtisadiyyata gəlir gətirir.
Onun sözlərinə görə, Qarabağda da beynəlxalq təcrübəyə uyğun olaraq təbiətə zərər vurmayan turizm modelinin qurulması vacibdir. Bunun üçün ziyarətçi marşrutları elmi əsaslarla müəyyənləşdirilməli, həssas ekosistemlər qorunmalı, turistlərin hərəkəti tənzimlənməli və ekoloji maarifləndirmə tədbirləri gücləndirilməlidir.
Soner Kılıç qeyd edib ki, milli park ətrafında turizm infrastrukturunun inkişafı mərhələli şəkildə həyata keçirilməlidir. Müasir, lakin təbiətə uyğun yerləşmə obyektlərinin yaradılması, yerli bələdçilərin hazırlanması, rəqəmsal tanıtım imkanlarından istifadə və beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq Qarabağın xarici bazarlarda tanıdılmasına kömək edə bilər.
Ekspertin fikrincə, Qarabağ Milli Parkının yaradılması regionda turizmin digər növləri ilə də əlaqələndirilməlidir. Şuşanın tarixi və mədəni irsi, Kəlbəcərin dağ və təbiət mənzərələri, Ağdərənin təbii sərvətləri, eləcə də Xocalı və Laçının turizm imkanları vahid marşrutlar çərçivəsində təqdim oluna bilər.
O əlavə edib ki, milli parkın ətrafında turizm fəaliyyətinin genişlənməsi yerli əhali üçün bələdçilik, hotelçilik, iaşə, nəqliyyat və kənd turizmi sahələrində məşğulluq imkanları yarada bilər.
Ekspert vurğulayıb ki, milli parkın gələcək iqtisadi səmərəsini qiymətləndirmək üçün turistlərin sayı, orta qalma müddəti, adambaşına xərclər, yaradılan iş yerləri, yerli bizneslərin gəlirləri və təbiətin mühafizəsi üçün ayrılan vəsait kimi göstəricilər mütəmadi izlənilməlidir.
“Qarabağ Milli Parkının uğuru turizm gəlirlərinin artması ilə yanaşı, təbii irsin gələcək nəsillər üçün qorunması ilə ölçülməlidir. Azərbaycan bu ərazini ekoloji məsuliyyət, yerli icmaların rifahı və yüksəkkeyfiyyətli turizm xidmətlərini birləşdirən nümunəvi məkana çevirə bilər”, – deyə Soner Kılıç bildirib.