Stokholmda yerləşən “Köhnə Milli Arxiv” binasında Azərbaycanın və Özbəkistanın turizm potensialına, eləcə də Böyük İpək Yolunun mədəni irsinə həsr olunmuş “Highlights of the Silk Road Roadshow” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsveçin turizm sənayesi və media nümayəndələri ilə yanaşı, xüsusi olaraq Stokholma gələn Azərbaycan və Özbəkistanın bir sıra turizm şirkətlərinin təmsilçiləri də iştirak ediblər.
Tədbir çərçivəsində hər iki ölkənin turizm potensialına dair təqdimatlar keçirilib. İştirakçılara Azərbaycanın və Özbəkistanın tarixi-mədəni irsi, Böyük İpək Yolu marşrutları, mədəniyyət abidələri və turistlər üçün müasir səyahət imkanları barədə məlumat verilib.
Özbəkistanın İsveçdəki səfirliyinin üçüncü katibi İlyosbek Komilov çıxış edərək ölkəsinin turizm potensialından danışıb. Bildirilib ki, 2025-ci ildə Özbəkistana 11,7 milyon xarici turist səfər edib. Təqdimatda Böyük İpək Yolunun zəngin irsinə, eləcə də ölkədə xarici turistlər üçün yaradılmış şəraitə xüsusi diqqət yetirilib. Həmçinin qeyd olunub ki, 90-dan çox ölkənin vətəndaşları Özbəkistana vizasız səfər edə bilirlər.
Ölkəmizin turizm potensialını isə Azərbaycan Turizm Bürosunun nümayəndəsi Xədicə Nəsirova təqdim edib. Qeyd olunub ki, 2025-ci ildə Azərbaycana 2564 İsveç vətəndaşı səfər edib.
Təqdimat zamanı qonaqlara Azərbaycanın Böyük İpək Yolu ilə bağlı tarixi və mədəni məkanları, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələri və ölkənin müxtəlif turizm imkanları barədə ətraflı məlumat verilib. Tədbirdə tarixi 1500 il əvvələ gedib çıxan ənənəvi kəlağayı sənətinə, eləcə də Azərbaycanın çoxəsrlik şərabçılıq ənənələrinə xüsusi diqqət ayrılıb.
Təqdimatlardan sonra təşkil olunan vorkşop çərçivəsində İsveçin turizm sektorunun nümayəndələri Azərbaycandan və Özbəkistandan gələn turizm şirkətlərinin təmsilçiləri ilə görüşüblər. Fərdi görüşlər zamanı turizm məhsulları və marşrutları, əməkdaşlıq imkanları, eləcə də hər iki ölkəyə səfərlərin təşkili perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “Highlights of the Silk Road Roadshow” tədbiri daha əvvəl Berlin və Münxen şəhərlərində təşkil olunub. Stokholmdan sonra tədbirlər silsiləsinin Helsinkidə davam etdirilməsi nəzərdə tutulur.