Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutu olan “Joint Silk Road Highlights Tour”un təqdimatı keçirilib. Turun məqsədi iki ölkənin turizm potensialını Avropa bazarında tanıtmaq və xarici turistləri cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli İctimaiyyətlə Əlaqələr Mərkəzi arasında 2026-cı ilin iyul ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən birgə təşəbbüsün bir hissəsi olub.
Layihə iki ölkənin tarixi və mədəni irsini və Böyük İpək Yolu ilə əlaqəli ortaq ənənələrini birləşdirən vahid turizm təklifinin yaradılmasını nəzərdə tutur. Təşəbbüs Azərbaycan və Özbəkistanın beynəlxalq turizm bazarında mövqelərini möhkəmləndirmək və marşrutun Avropa səyahətçiləri üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır.
Təqdimatda 20-dən çox şirkətin nümayəndəsi və 40-dan çox alman turizm sənayesi mütəxəssisi iştirak edib. İştirakçılara tarixi Səmərqənd, Buxara, Xivə, Bakı, Şamaxı və Şəki şəhərlərini əhatə edən marşrutun imkanları təqdim edilib. Bu istiqamətlər səyahətçilərə regionun zəngin mədəni irsi, memarlıq abidələri, Azərbaycan və Özbəkistan xalqlarının əsrlər boyu davam edən ənənələri ilə tanış olmağa imkan verəcək.
Tədbirin mühüm bir hissəsini Almaniya turizm sənayesinin nümayəndələri ilə görüşlər təşkil edib. Danışıqlar işgüzar əlaqələrin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və Avropa bazarında birgə turizm məhsullarının təşviqi imkanlarının genişləndirilməsi məsələlərinə yönəlib.
Bu təşəbbüsün həyata keçirilməsi beynəlxalq turizm əməkdaşlığının inkişafı, turizm təkliflərinin şaxələndirilməsi və qarşılıqlı turist axınının artırılması üçün əlavə imkanlar açır. İki ölkənin məşhur tarixi məkanlarının vahid marşrutda birləşdirilməsi səyahətçilərə Böyük İpək Yolunun mədəni və tarixi irsini araşdırmaq üçün daha geniş imkanlar təqdim edir.