Açıq səma altında muzey: Turistlər Şəkini nə üçün seçir?

Böyük Qafqazın ətəyində, qayalıq üzərində yerləşən Kiş Alban məbədinin ətrafı səhər tezdən canlanır. Müxtəlif ölkələrdən gələn turistlər fotoaparatlarını işə salır, bələdçilər isə turistlərə Azərbaycanın qədim tarixindən xəbər verirlər. Bu ilin yanvar–sentyabr aylarında bura 50 minə yaxın turist gəlib. Onların 53 faizi xarici vətəndaşdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda vaxtilə fəaliyyət göstərmiş marşrutlar zaman-zaman yenilənir. Bu dəyişikliklər qonaqların, xüsusilə də xarici turistlərin istəyi nəzərə alınaraq edilir. Alban irsi, tarixi İpək yolu və ipəkçilik ənənələri bu marşrutların əsasını təşkil edir. Biz Şəkinin yeni istiqamətlərindən birinə yollanırıq.

Qonaqlı-qaralı kənd

Kiş kəndi hər zaman qonaq-qaralı olub. Kəndin tarixi haqqında təsəvvür yaratmaq üçün bircə abidə kifayətdir: qayalar üzərindəki Alban məbədi. Arxeoloji qazıntılar onun iki min illik tarixə malik olduğunu göstərir. Məbədi Alban abidələri arasında xüsusi edən odur ki, o, həm memarlıq, həm də tarixi abidə kimi dəyərlidir. Yerli sakinlər onu əsrlər boyu ziyarətgah kimi qoruyub və məbəd günümüzə qədər salamat qalıb.

Mütəxəssislərin fikrincə, ölkədəki tolerantlıq mühiti və Alban irsinə diqqət bu abidənin timsalında aydın görünür. Kənddə başqa tarixi abidələr də var. Kiş 17 məhəllədən ibarətdir və hər məhəllənin öz hekayəsi var. Tarixi irsin qorunması üçün burada 250 hektar ərazini əhatə edən Kiş Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb.

Dövlət Turizm Agentliyi Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov deyir ki, Şəkidə də, Şimal-qərb bölgəsində də Alban irsinə aid onlarla belə abidə var. Gələcəkdə onların bərpası və konservasiyası aparılacaq.

Onun fikrincə, xarici qonaqları bu məkanlara çəkən əsas səbəb tarixi dəyərlərə münasibətdir:

– Dəyər verilir, qorunur, yaşadılır. Elə bu səbəbdən də gəlirlər. “Kiş” Qoruğunda arxeoloji, məişət-etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz ərazisindən tapılıb, qalanı Alban tarixini və mədəniyyətini əks etdirən, Azərbaycanın digər bölgələrindən gətirilmiş nümunələrdir.

 

Taxta qapının zəngi

Burada kənd turizmi inkişaf edib. Tarixi evlərin və qapıların orijinallığı qorunub. Məbədin yaxınlığındakı evlərdən birinə yaxınlaşırıq. Milli ornamentli taxta qapıdakı dəmir zəngi çalıb içəri keçirik. Bizi evin sahibi Arzu Turangil qarşılayır.

O, Özbəkistanda doğulub, dünyanın bir çox ölkəsini gəzib və sonda Kişdə yaşamağa qərar verib. Soruşuram ki, burada neçə ildir yaşayır.

– Beş ildir ki, burada məskunlaşmışam, – deyir Arzu xanım. – İlk dəfə 15 il əvvəl gəlmişdim. Buranın ab-havasına, insanlarına, evlərin orijinallığına heyran qalmışdım.

Onun evi, qonaqları qarşıladığı məkan sadə kənd həyatını əks etdirir. Xarici turistlər məhz bu səbəbdən belə evlərə üstünlük verirlər.

İtaliyalı turistlərin təəssüratları

Məbəd ərazisində xeyli turistlə qarşılaşırıq. İtaliyadan gələn Massimiliano Maratti və Mario Petta ilə söhbət edirik.

Massimiliano deyir ki, əvvəlcə Bakıya gəlib:

– Dostlarım Bakını çox tərifləyirdilər, mən isə heç görməmişdim. Gəldim və heyran qaldım. Sonra dedilər ki, Şəkini də mütləq görməliyəm. Yolun uzaq olduğunu biləndə tərəddüd etdim, amma israr etdilər. Yolüstü Alban irsinə aid abidələr olduğunu eşidəndə qərarımı dəyişdim. Heç peşman deyilik. Bura açıq səma altında muzeyə bənzəyir. Abidələr necə də gözəl qorunur… Sizləri, xalqınızı çox sevdim.

 

Mario Petta isə Azərbaycan haqqında əvvəlcədən eşidibmiş:

– Alban irsinə bu qədər dəyər verildiyini gözlərimlə görənə qədər inanmamışdım. Paytaxtınız meqapolisi xatırladır, Şəki isə tarixi ilə zəngindir. Alban məbədi möhtəşəmdir. Qorunur, necə də təmiz saxlanılır.

Şirin bəyin mülkü və Kəlağayı muzeyi

Məbəd ətrafında gəzintimizi bitirəndə Şahin Məlikov bildirir ki, yeni turizm trendləri arasında Alban irsinə maraqla yanaşı, Şəkinin tarixi İpək yolu üzərində yerləşməsi və ənənələrin yaşadılması da mühüm rol oynayır.

Cənubi Qafqazın ən iri ipəkçilik mərkəzi olan Şəki indi bu sahənin muzeyi ilə də öyünə bilər. Növbəti dayanacağımız şəhərin başqa bir guşəsidir. Burası XIX əsrdə Şəkinin tanınmış xeyriyyəçilərindən Şirin bəyin mülkündür. Bərpa və konservasiyadan sonra mülkdə bir neçə layihə həyata keçirilir. Ən maraqlısı, turistlərin ən çox üz tutduğu Kəlağayı muzeyidir.

Muzeyin layihə rəhbəri Ruhiyyə Rəhimova gəzintiyə bizimlə çıxır və təfərrüatları danışır:

– Bu yaxınlarda muzeyin iki illiyini qeyd edəcəyik. Burada 200 eksponat sərgilənir. Onların arasında üç əsrə şahidlik edən nadir əl işləri var. Şəki ipəkçilik mərkəzi kimi çox qədim tarixə malikdir, Qafqazda bu sahənin ilk sənətkarları burada yetişib. Ənənələri yaşatmaq üçün bu çətin layihəyə başladıq və qismən də olsa, öhdəsindən gələ bilmişik. Qarşıda görüləcək işlər çoxdur, eksponatları artırmağa çalışırıq. Bu qısa müddətdə Kəlağayı evini və muzeyi beş minə yaxın turist ziyarət edib. Ən maraqlısı isə odur ki, gələn hər kəs bu zərif ipək parçalara toxuna, ustaların nəzarəti ilə kəlağayıda istədiyi naxışı həkk edə bilər.

 

Şahin Məlikov də söhbətə qoşulur:

– Alban irsi və ipəkçilik marşrutlarına böyük tələbat var. Müşahidələr göstərir ki, xarici turistlər məhz bu istiqamətlərə maraq göstərirlər. Şəkinin sənətkarlığı, mədəni irsi, qastronomiyası dünyada zəngindir. Təsadüfi deyil ki, UNESCO-nun siyahısına düşmüş mədəni irslər ən çox Şəkidə formalaşıb və qəbul olunur, xüsusən də kəlağayı. İpəkçiliyi və kəlağayını Şəkinin bütün həyatında hiss etmək olur. Bu gün tarixi abidələrin üzərində ipəkçiliklə, kəlağayı ilə bağlı buta və digər elementlərin izləri tapılır. Bu, Şəkinin ipəkçilik tarixinin nə qədər dərin olduğunu sübut edir. Sevindirici haldır ki, bu ənənə qorunub saxlanılır.

Burada tarixi ənənələr müasir turizm imkanları ilə birləşir

Məlikov turist bildirir ki, bir neçə il əvvələ qədər xarici turistlər Cənubi Qafqaz turuna çıxıb ölkəmizdə cəmi bir-iki gün qalırdılar. İndi isə ən azı üç gün, bəzən daha çox vaxt ayırırlar ki, ölkəmizi yaxından tanısınlar:

- Tarixi abidələrlə yanaşı, milli mətbəximizin zənginliyi də onları cəlb edir. Kənddə də, şəhərdə də dadı damaqdan getməyən xörəkləri və şirniyyatları dadırlar. Bu da yenidən qayıtmaq üçün səbəb olur.

Günün sonunda Şəkinin qədim məhəllələrindən ayrılırıq. Bölgə təkcə keçmişin izlərini qoruyan məkan deyil, həm də tarixi ənənələri müasir turizm imkanları ilə birləşdirən canlı mədəniyyət mərkəzidir. Qədim Alban məbədinin daş yaddaşından zərif kəlağayı naxışlarına, kənd evlərinin səmimi qonaqpərvərliyindən bənzərsiz mətbəx ləzzətlərinə qədər uzanan bu marşrutlar Şəkini dünya turistləri üçün sadəcə şəkildən baxılası deyil, səfər ediləsi nadir məkana çevirir.

Gallery