Azərbaycan xalqının əsrlərdi qoruduğu aşıq sənəti yaxşı və pis günlərində xalqın ruhunu ifadə edir.
Musiqi, poeziya və ifaçılıq bacarıqlarını özündə cəmləşdirən aşıq, el şənliklərinin əsas qəhrəmanıdır. Zəngin Azərbaycan aşıq sənətinin klassik repertuarında 200 mahnı, "dastan” olaraq bilinən 150 ədəbi-musiqili kompozisiya, ənənəvi poetik formalara malik 2 min şeir mövcuddur. Aşıq sənətinin sirrlərini ustadlardan öyrənən onlarla gənc müxtəlif aşıq məktəblərinin ənənələrini qoruyur və təbliğ edir. Aşıq sənətinin əsas simvolu olan saz alətinin hazırlanması da sazbəndlərin nəsil-nəsilə keçən bacarıqları sayəsində yaşayır. Milli folklorumuzun əsaslarından olan Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bu sənətin daha da geniş təbliğ olunmasına şərait yaradır. Azərbaycanın aşıq sənəti milli kimliyin, azərbaycan dilinin, ədəbiyyatın və musiqinin qoruyucularından biridir.