Pekindən rəy: Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə strateji rolunu gücləndirir

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm strateji rol oynayır və Avropa ilə Asiya arasında əsas tranzit mərkəzi kimi mövqeyini gücləndirir.

Bu barədə logistika üzrə çinli ekspert Van Süy Dun AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.

Azərbaycanın Çini, Mərkəzi Asiya ölkələrini, Xəzər regionunu, Qafqazı və Avropa bazarlarını birləşdirən Orta Dəhlizin vacib bir hissəsi olduğunu qeyd edən ekspert əlavə edib ki, qlobal təchizat zəncirlərindəki dəyişikliklər və artan geosiyasi gərginliklər fonunda bu marşrutun əhəmiyyəti sürətlə artmaqda davam edir.

Proqramın həmsöhbəti vurğulayıb ki, müasir infrastrukturun, xüsusən də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı sayəsində Azərbaycan təkcə tranzit ərazisinə deyil, həm də tədricən tam regional logistika və bölüşdürücü mərkəzə çevrilir. O hesab edir ki, bu, ölkənin beynəlxalq nəqliyyat sistemində rəqabət qabiliyyətini gücləndirir, ticarət və iqtisadi əlaqələrin genişlənməsinə kömək edir.