Hamı sevinc içindədir. Qonum-qonşular da köməyə gəlib. Evin ən balacaları belə köç prosesinə kömək olur. Füzulidən olan bu ailə tez-tələsik əşyalarını maşınlara yığmağa çalışır. 30 il əvvəl tərk etmək məcburiyyətində olduqları doğma yurd-yuvalarına qayıdırlar. Ailə illərdir Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Üfüq düşərgəsi" adlanan ərazidə məskunlaşıb. Artıq onların Vətən həsrəti başa çatır. Ailə üzvləri həm də daha gözəl və şəraitli evlərə köçməyin həyəcanı içindədirlər. Səhərin ən erkən saatlarıdır. Füzuli sakinləri doğma yurdlarına yola düşmək üçün bir araya toplaşıblar. Bu gün Füzuli şəhərinə daha 25 ailə köçürülür. Bununla da Füzulidə 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar.