Dünyanın ən böyük muzeyi hesab edilən Luvrda baş verən yeni texniki nasazlıq diqqəti yenidən qurumun infrastruktur vəziyyətinə yönəldib. Muzey rəhbərliyi bildirib ki, noyabrın 26-da baş vermiş su sızması Luvrun Misir antikvarları kitabxanasında 300–400 arasında kitabın zədələnməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, muzeyin baş direktorunun müavini Frensis Staynbokun sözlərinə görə, zərər görən materiallar əsasən Misirşünaslıq jurnalları və elmi sənədlərdir. Bu nəşrlər XIX əsrin sonu və XX əsrin əvvəllərinə aiddir və tədqiqatçılar tərəfindən tez-tez istifadə olunur.
Rəhbərlik zədələnən kitabların muzeyin irs fondu kateqoriyasına daxil olmadığını xüsusi vurğulayıb. Frensis Staynbok bildirib ki, bu mərhələdə kolleksiyada geri dönməz itkilər yoxdur. Onun sözlərinə görə, zədələnmiş cildlər qurudulduqdan sonra bərpa işləri üçün restavratorlara göndəriləcək və daha sonra yenidən fonda qaytarılacaq.