Donald Tramp vaksinlərə qarşı kampaniyasını davam etdirir

Donald Tramp bazar ertəsi vaksinlərlə bağlı yeni tövsiyələri özündə əks etdirən fərman imzalayıb. Sənəddə uşaqlara vaksinlərin vurulması arasında müddətin uzadılması tövsiyə olunur. Tramp fərmanı təqdim edərkən bir neçə dəfə autizmlə bağlı fikirlər səsləndirib.

Tibbi araşdırmalar heç vaxt autizmlə vaksinasiya arasında əlaqə müəyyən etməyib. Lakin ABŞ prezidenti və səhiyyə naziri Robert F. Kennedi Jr. belə bir əlaqənin ola biləcəyini irəli sürməkdə davam edirlər.

“Onilliklər əvvəl uşaqlar bu gün tələb olunan vaksinlərin yalnız kiçik bir hissəsini qəbul edirdilər. O vaxt insanlar daha sağlam idilər və autizmin səviyyəsi bügünkü kimi yüksək deyildi”, – deyə Donald Tramp Ağ Evdə, Oval kabinetdə çıxışı zamanı deyib. Bununla belə, Tramp autizmə nəyin səbəb olduğunu “bilmirik” deyə etiraf edib.

ABŞ prezidenti uşaqlara vurulan iynələrin "qazlı içki şüşəsi ölçüsündə" olduğunu söyləyib.

Donald Trampın sözlərinə görə, sənəddə qızılca, məxmərək və parotitə qarşı vaksinlərin bir inyeksiya şəklində deyil, ayrı-ayrılıqda vurulması da tövsiyə olunur. Səhiyyə Nazirliyi bu vaksinlərin ayrıca tətbiqi üçün, lazım gəldikdə, “özəl sektor və digər ölkələrlə əməkdaşlıq edərək” təkliflər hazırlayacaq işçi qrupu yaradacaq.

 

İxtisasca həkim olan respublikaçı senator Bill Kassidi isə "X" sosial şəbəkəsində bildirib ki, bu fərman yalnız “ictimai etimadsızlığı artıracaq və uşaqların təhlükəsizliyini təhlükə altına atacaq”.

“Bu fərman səhvdir. Prezidentin bu dəyişiklikləri həyata keçirmək üçün lazımi ekspertizası yoxdur. Vaksinlər son dərəcə təhlükəsizdir. Vaksinlər effektivdir. Vaksinlər autizmə səbəb olmur”, – deyə o əlavə edib.

Bazar ertəsi imzalanan fərman ölkə üzrə milyonlarla uşağın məktəbə qayıtmağa hazırlaşdığı bir vaxta təsadüf edib. ABŞ hazırda son 35 ilin ən ağır qızılca epidemiyası ilə üzləşib.

Vaksinlərə qarşı mövqeyi ilə tanınan Robert Kennedi Jr. səhiyyə naziri təyin olunandan sonra bəzi vaksinlər, o cümlədən onilliklərdir istifadə olunan preparatlar üzrə genişmiqyaslı yenidən baxılma prosesinə başlayıb, uşaqlar üçün vaksinasiya təqvimini dəyişdirib və yeni vaksinlərin hazırlanmasına ayrılan maliyyəni azaldıb.