Cənubi Koreyada kimya zavodunda yanğın: Təxminən 7 min nəfər təxliyə edildi
Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda baş verən yanğın səbəbindən təxminən 7 min nəfər təxliyə edildi. Heç bir insan itkisi yaşanmayan yanğın, komandaların müdaxiləsi ilə söndürüldü.

 

Cənubi Koreyanın cənub-şərqindəki sənaye şəhəri Ulsanda yerləşən kimya zavodunda yerli vaxtla saat 09:40 radələrində yanğın baş verdi. Zavodun açıq sahəsində yerləşən və yüksək dərəcədə yanıcı maddə olan 8 min litrlik toluen çənində başlayan yanğın qısa müddətdə böyüdü. Küləyin təsiri ilə qığılcımların qonşu müəssisələrə sıçraması və alovların digər saxlama çənlərini təhdid etməsi səbəbindən milli səviyyədə yanğın siqnalı verildi. Yaxınlıqdakı petrokimya zavodunun tikintisində çalışan təxminən 7 min işçi və ətrafdakı müəssisələrdə olan personal ehtiyat tədbiri olaraq təxliyə edildi.

Ətraf şəhərlərdən 200-dən çox personal, yanğınsöndürmə helikopterləri və xüsusi təchizatlı maşınlar əraziyə göndərildi. Zavodda çalışan 12 nəfərin hamısının təhlükəsiz şəkildə təxliyə edildiyi və hadisədə yaralanan və ya həyatını itirən kimsənin olmadığı bildirildi. Komandaların müdaxiləsi ilə saat 13:50 radələrində tam nəzarət altına alınaraq söndürülən yanğının çıxış səbəbinə dair araşdırma başladıldı.