Səudiyyə Ərəbistanı: Husilərə məxsus 2 ballistik raket zərərsizləşdirildi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü General-mayor Turki əl-Maliki, müdafiə sistemlərinin Husilər tərəfindən atılan iki ballistik raketi zərərsizləşdirdiyini bildirdi.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü General-mayor Turki əl-Maliki, sosial media hesabında etdiyi paylaşımda, Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt vilayətini ballistik raketlərlə hədəf aldığını bildirdi. Turki əl-Maliki, "Müdafiə sistemləri, Husi terrorçuları tərəfindən atılan iki ballistik raketi Xamis Muşayt vilayəti səmasında aşkar edib zərərsizləşdirdi" ifadələrini işlətdi.

Turki əl-Maliki, digər paylaşımında isə Husilərin paytaxt Riyadı qanadlı raketlə hədəf aldığını qeyd etdi. Turki əl-Maliki, "Husi terrorçuları tərəfindən atılan bir qanadlı raket Riyad səmasında aşkar edilərək zərərsizləşdirildi" açıqlamasında bulundu.

General-mayor Turki əl-Maliki həmçinin Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinə məxsus 'AH-6i' tipli kəşfiyyat helikopterinin Nəcran bölgəsində texniki nasazlıq səbəbindən düşdüyünü bildirdi. Maliki, qəzada helikopterin hava heyətini təşkil edən 2 zabitin həyatını itirdiyini söylədi.