Azərbaycan və Türkiyə tədqiqatçılarının uşaqlarda anadangəlmə qüsurlar üzrə birgə araşdırması nüfuzlu beynəlxalq jurnalda dərc olunmuşdur.
Azərbaycanlı alimlər beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən daha bir mühüm araşdırmaya imza atıblar.Tibb sahəsində nüfuzlu elmi nəşrlərdən biri olan Congenital Anomalies (Japan Teratology Society) jurnalının 2025-ci il buraxılışında Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-neonatoloqu Nərmin Əzizova, ATU-nun Tibbi və Bioloji Fizika kafedrasının müdiri, professor İsmayıl Qafarov və Ankara Universitetinin Çocuk Sağlığı Ve Hastalıkları Anabilim Dalı professoru Ömer Erdeve tərəfindən hazırlanmış “A cohort study on structural analysis of congenital anomalies in an intensive care unit in Azerbaijan” adlı məqalə dərc olunmuşdur (Vol. 65(1), s. e70007, DOI: 10.1111/cga.70007).
Araşdırma retrospektiv və prospektiv kohort tədqiqatı olub və Azərbaycandakı III səviyyəli intensiv terapiya şöbəsində bir neçə il ərzində müalicə alan minlərlə yenidoğulmuşun məlumatlarının təhlilinə əsaslanıb. Onların bir hissəsində anadangəlmə qüsurlar aşkar edilmişdir.
Tədqiqat zamanı anomaliyaların orqan sistemləri üzrə bölgüsü, cərrahi müdaxilə tələbləri, reanimasiya müddəti və klinik nəticələr təhlil olunmuşdur. Ən çox rast gəlinən anomaliyalar sırasında ürək qüsurları ön sırada yer almışdır.
Struktur analiz nəticələri göstərib ki, Azərbaycanda əldə edilən göstəricilər – anomaliyaların tezliyi, cərrahi müdaxilə ehtiyacı və ümumi sağ qalım səviyyəsi – inkişaf etmiş ölkələrdə aparılmış oxşar tədqiqatlarla müqayisə oluna biləcək səviyyədədir. Bu nəticələr ölkəmizdə neonatal reanimasiya və intensiv terapiya xidmətlərinin beynəlxalq standartlara yaxınlaşdığını nümayiş etdirir.
Məqalənin PubMed, Scopus və Web of Science kimi nüfuzlu beynəlxalq indeks bazalarında yer alması, tədqiqatın elmi dəyərinin və beynəlxalq tanınmasının daha bir sübutudur.
Müəlliflərin fikrincə, bu araşdırma anadangəlmə qüsurların erkən diaqnostikası, düzgün müalicə strategiyasının seçilməsi və səhiyyə resurslarının planlaşdırılması baxımından praktik səhiyyəyə və səhiyyə siyasətinə mühüm töhfələr verir. Gələcəkdə molekulyar-genetik aspektləri də əhatə edən yeni tədqiqatların aparılması nəzərdə tutulur.