İllər, onilliklər, qərinələr, yüzilliklər arxada qalacaq, əsrlər bir-birini qovacaq, Oljas Süleymenov dünyada fəlsəfi-estetik və bədii-poetik təfəkkür hadisəsi kimi minilliklərin yaradıcılıq fenomeni olaraq qəbul edilməklə kainatın o yanından hər yeni nəsil üçün müsbət mənada təəccüb doğuracaq. Onun ortaya qoyduqlarında sənətin hüdudsuzluğunun və nəhayətsizliyinin Oljassayağı üfüqləri görünəcək. Bu təəccüb, hər şeydən öncə, onun obrazlı dünyasının və təfəkkürünün unikallığı ilə bağlılığındadır. Onun nə motiv, nə mövzu, nə məzmun, nə struktur-kompozisiya özəlliyi, nə obrazları ilə digər söz sərraflarınınkına bənzəməyən detallar sırf qıpçaq, qazax, türk koloriti ilə süslənmiş “Az i Ya”, “Günəşli gecələr”, “Gil kitab”, “Səhraların nəfəsi”, “Yazının dili”, “Əcdad kultu”, “Arqamaklar”, “Sözün kodu” və başqa bu kimi şedevrləri çoxlarının düşüncəsində həm mifoloji, həm etnoloji, həm arxeoloji, həm arxetipik, həm ideoqrafik, həm etnoqrafik, həm coğrafi, həm tarixi, həm dilşünaslıq assosiasiyaları yaratmaqla Oljasa vuruğunluğu daha da közərdəcək.
Bu fikirlər filologiya elmləri doktoru, professor Nizami Məmmədov Tağısoyun AZƏRTAC-a təqdim etdiyi “Dünya söz sənəti Olimpində Oljas zirvəsi” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Oljas Süleymenov düşüncəsi o qədər fərdi və orijinaldır ki, əsərləri bütün epoxalarda qeyri-adiliyi ilə qığılcım saçacaq. Qazaxların bu Yad planetdən gəlmiş şairinin əsərlərinin dünyaya gətirdiyi kəşflər Yer üzünü heyran qoyduğu qədər də heyrətləndirəcək. Çünki onun əsərləri heç də adi poetik kəşflər yox, nəhəng epik mətnlər olmaqla sadə xalq obrazlarından rişələnərək indiyədək görmədiyimiz əyarlı qəhrəmanlar yapmağa istiqamətlənib. Oljas Süleymenovun əsərləri həm forma, həm də məzmunu ilə insanlara həyatı bir bütöv halında görməyə imkan yaradan qeyri-adi təfəkkür nümunələridir. Oljas Süleymenov dünyanın söz sərraflarının elə fərqli fərdlərindəndir ki, o, özünün daimi mövcud ola biləcək kainatını yaratmışdır. Bu kainatda Oljasın 70 illik yaradıcılıq təcrübəsi ərzində ortaya çıxardığı və monumentallıqla təqdim etdiyi qəhrəmanlar, obrazlar, personajlar, xarakterlər, qıpçaq və qazax məişətinin atributları, dünya xalqlarının nitq özünəməxsusluğu, yerli, coğrafi və milli kolorit, səhra landşaftı ilə yovşan qoxusu əsl insana xas olan mükəmməl naturalar, həyatın özü və bütün komponentləri ilə gözlərimiz önündə bərq vuracaq.
Oljas Süleymenov qazax mədəniyyəti, ədəbiyyatı, fəlsəfi-poetik fikri tarixinə ictimai-siyasi xadim, şair-yazıçı, arxeoloq, etnoloq, etnoqraf, dastanşünas, ədəbiyyatşünas, filosof kimi daxil olmaqla, həm də “Nevada – Semipalatinsk” nüvə silahına qarşı ictimai hərəkatın əsasını qoymuş əvəzsiz xalq təəssübkeşi və bəşəriyyətin yetişdirdiyi parlaq düha sahibi kimi daxil olub.
Onun nəinki Qazaxıstanda, keçmiş Sovetlər İttifaqında, Avropada, Asiyada, Afrikada və Amerikada yaxından tanınmasında iki amil başlıca rol oynayıb. Bunlardan birincisi Yuri Qaqarinin 1961-ci il 12 apreldə “Vostok-1” gəmisində kosmosa uçuşu ilə bağlı yazdığı “Yer, insana əyil” şeiri olmuşdursa, ikincisi isə türk elementlərinin izahına rus (slavyan) “İqor polku haqqında söyləmə” ilə bağlı yazdığı “Az i Ya” (1975) tədqiqatının nəşrindən sonra baş verib. “Az i Ya” kimi qədim slavyan və türk yazılı abidələrinin tədqiqinə həsr olunmuş bu əsərin janrını müəyyənləşdirməyə can atsaq, onu “Tarix şairin gözü ilə” şəklində adlandırarıq. Oljasın adıçəkilən əsərinin ən mühüm cəhəti müəllifin elmdə yer almış stereotiplərə qarşı çıxış etdiyini görə bilərik. Əsər publisistik ruhda yazılsa da, son dərəcə dərin linqvistik məsələlərin təhlilinə həsr olunub. Kitabda yer almış yanaşmaların köməyi ilə O.Süleymenov slavyanlarla türklər arasında gedən qarşılıqlı münasibətlərin və ünsiyyətlərin xarakterinin tarixi mənbələrə müraciət edərək yer alması yetərincə böyük polemikalara yol açıb.
Kitab müəllifinin “İqor polku haqqında söyləmə”nin qaranlıq, dolaşıq və aydın olmayan məqamlarını yenidən izahetmə istəyi və “İqor polku haqqında söyləmə”dəki türk elementlərinin təsiri, heç şübhəsiz ki, türk xalqları tarixinə və mədəniyyətinə tendensioz, qərəzli mövqedən yanaşmaları onun ətrafında gedən siyasi-ideoloji dedi-qoduların müəllif üzərinə hücumlarla davam edib.
Çünki Sovetlər İttifaqında dövlət idarəçiliyi heç də siyasi sfera ilə məhdudlaşmırdı, eyni zamanda o digər sferaları da öz təsiri altında saxlayırdı: elm, mədəniyyət, ideologiya, sənət, incəsənət, ədəbiyyat, siyasi baxışlar, fikir azadlığı bunlardan hər biri proletar idarəçiliyinin iş prinsiplərinin məhəkdaşı idi.
Hansı alimin “Az i Ya” əsərindən hansı nəticəni çıxarmasından asılı olmayaraq, O.Süleymenov həmin tədqiqatda “İqor polku haqqında söyləmə”də olan türk təsirindən danışmağı qarşısına məqsəd qoymaqla, həm də onun insan, bəşər dünyası və bəşəriliklə bağlı mahiyyətini açmağa çalışmışdı.
O.Süleymenov xatırlayırdı ki, mənim düşüncələrim və fikirlərimlə Lev Qumilyovun klassik Avrasiyaçılığı arasında az yaxınlıq vardır. Axı L.Qumilyov dünyanın prinsipial dağınıqlığını müdafiə etməklə Avrasiyaçılara Qərb dəyərləri gərək olmadığından danışırdısa və bizlərə kollektivçilik, soborçuluq, nəhəng Derjavaçılığın nə olduğundan bəhs edirdisə, bizim yolumuzun Çingizxan yolu olduğunu söyləyirdi. Oljas daha sonra yada salır ki, mənim atam Qazax kavaleriyasının zabiti Ömər Süleymenov Lev Qumilyovla Cezkazqan düşərgəsində (zindanında) bir yerdə yatmışdılar. Onların yataq naraları yanaşı idi. Qumilyov özü mənə söyləmişdi ki, atam Ömər yaxşı oğlan idi. Eyni zamanda Lev onu da demişdi ki, Oljas “Az i Ya” kimi linqvistika və tarix baxımından gərəksiz bir şey yazdığına görə mən düşərgəni və Ömər Süleymenovu yaxşı tanıdığımdan onunla bağlı heç nə yazmayacağam.
O.Süleymenov isə işıqlı təfəkkür sahibləri tərəfindən tarixi keçmişlə indi arasında bağlılıq yaradan fasiləsiz xəttə bənzədilirdi. Eyni zamanda sovet dövrünün punktir (yəni qırıq-qırıq) xətli olduğuna görə də XX əsr dövrünün carçıları əvvəldə olanları inkar etməyə çalışırdılar. Lenin və Stalin özləri güclü imperiya yaratmalarına baxmayaraq, çar dövrünü, Xruşov Stalin dövrünü tamamilə rədd etdi, həmin dövrün nailiyyətlərini danmaqla, diqqəti yalnız stalinizmin qorxunc xüsusiyyətləri üzərində cəmləşdirməklə Brejnev Xruşşovu rədd etdi, guya onun zamanında yaxşı heç bir şey olmamışdı. Qorbaçov Brejnevin durğunluq dövrünü qamçıladı. Lakin bu da vardır ki, bizlərin hamısı həmin durğunluq dövründən çıxmışdıq. Mədəniyyət qaratorpaqda bitən uğurlu, münbit biçənəyə bənzəyir.
Türk linqvistikasının bəzi məsələlərinə həsr olunmuş O.Süleymenovun dilçilik sahəsində axtarışlarını çevrələyən “Yazının dili” əsəri əvvəl Romada, daha sonralar 2006-cı ildə Kiyevdə Ukrayna dilində nəşr olunmuşdu. Qeyd edək ki, bu əsərlərin hamısı bu və ya digər baxımdan müəllifin “Az i Ya” kitabının müddəalarını davam etdirirdi.
Baza xarakterli etimoloji lüğətin birinci cild layihəsi əsasında “1001 söz” və “Tanrının təbəssümü” kimi kitabları Romada (1998) işıq üzü görmüşdü.
Bundan sonra Oljas Süleymenov “Türkslavistikaya giriş”i və “Kəsişən paralellər”i (Almatı, 2001) nəşr etdirdi. Az keçməmiş qədim türk dilləri və yazılarının mənşəyinə işıq tutan “Tarixəqədərki türklər” tədqiqatını araya-ərsəyə gətirdi.
Süleymenovun təsəvvür etdiyinə görə türklər üç min il bundan öncə öz dövlətçilik ənənələrinə malik olmaqla özlərinə qədim əlifba və yazı yaratmışdılar. Eyni zamanda O.Süleymenovun skiflərin türklər olduğunu təsdiq edən yanaşması da mövcuddur ki, bu yanaşmanın tərəfdarlarının sayı müasir dünyada günü-gündən artmaqdadır.
O.Süleymenovun əsərlərinin əksəriyyəti onun sırf fərdi dünyagörüşünün məhsulu olduğundan onlar daim polemika obyekti kimi diqqəti daha çox cəlb etmişdir. Onların sırasında “Az i Ya”, “Meymun ili” və “Gil kitab” xüsusilə fərqləndirilməlidir. “Gil kitab”ın bəzi məsələləri ilə bağlı fransız ədəbiyyatşünası Leon Robel bu əsərin mədəniyyətlərin qardaşlaşmasına, millətlərin qarşılılıqlı zənginləşməsinə töhfə kimi fərqləndirirdi. Bundan başqa “Gil kitab” həm də Oljas Süleymenovun sovet ziyalıları arasında son dərəcə populyarlaşmasına xüsusi təkan vermişdi.
Oljas Süleymenov bütün xalqların müstəqil yaşamasının tərəfdarı idi. Sovetlər İttifaqında Oljasın belə yanaşmasını başa düşüb, dərk etmək istəyənlər son dərəcə az idi. Bir gün SSRİ Yazıçılar İttifaqının katibi Vitali Ozerov Oljasa “Müstəqillik dövrünü keçib yaşamaq nə deməkdir? Sən bu zaman kimi nəzərdə tutursan? Afrikalıları?! kimi suallar verir: O, cavab verir: “Nə üçün yalnız afrikalılar? Hamını”. “O cümlədən Orta Asiyanı da. Əlbəttə”. “Bəs Orta Asiya kimdən müstəqil olmalıdır?!” – Vitali Ozerov soruşur. Bütün xalqlar tarixin müxtəlif kəsimlərində müstəmləkə, imperiya, feodal, çarlıq asılılığında olmuşlar... Hamısı da qandalları atıb, müstəqil olmağa çalışırdılar”.
Vitali Ozerov Süleymenova deyirdi ki, bu barədə yaxşı düşünmək lazımdır. Oljas isə yaxşı dərk edirdi ki, müstəqillik formal akt kimi xalqa və ölkəyə heç nə verə bilməz. O, buna çox inanırdı. Doğrudan da XX əsrin 80-ci illərinin sonlarından başlayan proseslər Fərqanə hadisələri, Amatıda baş verənlər, Vilnüs, Tbilisi, Bakı, Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və digər region və ərazilərdə gedən proseslər Süleymenovun dediklərinə bir daha danılmaz inamını ifadə edirdi. Sovet dövründə xalqlar hələ bir-birindən necə qarşılıqlı şəkildə asılıdır məsələsini gərəyincə anlamırdılar. Oljas Süleymenov isə müstəqilliyi mahiyyətincə anlayanlardan idi.
Odur ki, Oljas iki dünyanın – Avropa və Asiyanın sərhədlərində yazıb yaratmağı bacaran nadir təfəkkür sahibi kimi dərk edilməlidir. Şairin yaradıcılıq dünyasında planetin müxtəlif düşüncəli və istəkli yaradıcı dühaları yer almışlar. Onun sərhəd tanımayan təfəkkürü Süleymenovu, bir tərəfdən, pakistanlı Faiz Əhməd Faizlə, fələstinli Muin Bsisu, Mahmud Dərviş, hindistanlı Sübhas Mükərci, Şrikta Varma, yaponiyalı İosio Xoya ilə yaxınlaşdırmışdırsa, digər tərəfdən, Azərbaycan sənətkarları Anar, Bəxtiyar Vahabzadə, üçüncü bir tərəfdən, qırğız Çingiz Aytmatov, tacik Mömin Qənaət, dördüncü bir tərəfdən, A.Voznesenski, R.Rojdestvenski, S.Markov, belarus Yevdokiya Los, inquş S.Çaxkiyev, çeçen Xasbulatov, fransız Leon Robellə və onlarca başqaları ilə yaxınlaşdırmışdır.
Süleymenov əksər əsərlərində bəşər övladını, qazaxları, türk xalqlarını və dünya xalqlarını narahat edən problemləri qaldırmağa çalışmışdır. “Vəhşi səhra” şeirində (1964) viran edilmiş doğma qazax torpağının başına gətirilən bəlaları diqqət mərkəzinə çəkməklə onun mahiyyətində Qazaxıstan tarixinin meditasiyasını (dərindən dərkini) verməyə çalışmışdır. Adı çəkilən şeirdə Süleymenov nəinki xarabazarlığa döndərilmiş torpaqdan, həm də Qazaxıstanın imperiya və sovet dövrü zindanlarının “düşmən xalqların” (ən çoxu da türk xalqlarının) sürgünlərə və deportasiyalara məruz qaldığı yer olub, həmin səhraların ruslar tərəfindən ələ keçirilməsindən, nəhayət nüvə silahlarının sınaqdan keçirilmə poliqonuna çevrilməsindən bəhs etmişdir.
Oljas Süleymenov nəinki qazax milli, türk və dünya mədəniyyəti tarixində əvəzsiz mövqe qazanmış böyük şəxsiyyətlərdəndir. 90 illik yubileyini qeyd edən böyük söz sərrafına bundan sonrakı ömrünü də, qəlb rahatlığı, könül xoşluğu ilə yaşamağı arzulayırıq.