Ağac materialından istifadə etməklə Azərbaycanın milli-mədəni irsini, tarixi abidələrini və sənətkarlıq ənənələrini əks etdirən müxtəlif əl işləri hazırlayıram. Yaradıcılığımda Qarabağın tarixi abidələri, Azərbaycan xalçalarının naxışları və kəlağayı motivləri xüsusi yer tutur.
Bunu AZƏRTAC-a açıqlamasında ağac üzərində oyma ustası Əbdürrəhman Hüseynov deyib.
15 illik təcrübəyə malik oyma ustası əsas məqsədinin milli dəyərləri fərqli üslubda təqdim etmək olduğunu bildirib. “Bu istiqamətdə Azərbaycan kəlağayısının və xalça naxışlarının ağac üzərində oyma texnikası ilə işlənməsinə xüsusi diqqət yetirirəm. Bu nümunələri özünəməxsus yaradıcılıq istiqaməti hesab edir və müəllif işlərimə patent almağı planlaşdırıram. Ağac üzərində oyma yalnız dekorativ iş deyil, həm də milli ornamentlərin, tarixi yaddaşın və mədəni irsin yaşadılması vasitəsidir. Bu cür əl işləri Azərbaycan mədəniyyətinin daha geniş auditoriyaya tanıdılmasına töhfə verir. Əl işlərinə maraq olsa da, bu sənətin daha geniş təbliğ olunmasına ehtiyac duyuram”,- deyə oyma ustası əlavə edib.