Azərbaycan və Çin alimləri dostluq münasibətlərinin tarixinə dair birgə kitab hazırlayacaqlar

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasında münasibətlərin qədim tarixi köklərə söykəndiyini, hələ qədim dövrlərdən etibarən iki ölkə arasında ticarət və mədəni əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu gün də Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin qarşılıqlı dostluq münasibətlərinin, siyasi iradəsinin və imzalanmış sənədlərin mühüm rol oynadığını söyləyib.

Akademik İsa Həbibbəyli bütün istiqamətlər üzrə genişlənən ikitərəfli əlaqələrin elmi və mədəni sahələrdə də yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. AMEA rəhbəri ölkələrimiz arasında tarixi əlaqələrin müasir elmi tədqiqatlar vasitəsilə daha dərindən öyrənilməsinin əhəmiyyətinə toxunub. O, Nizami Gəncəvinin yaradıcılığında Çin obrazının əks olunmasına toxunub və XII əsr Azərbaycan poeziyasında Çin mədəniyyətinə verilən bədii qiymətin tarixi-mədəni əlaqələrin öyrənilməsi baxımından maraq doğurduğunu söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-da Çinin tarixi, mədəniyyəti ilə bağlı aparılan tədqiqatlar və əməkdaşlıq əlaqələri barədə də məlumat verib.

Akademik İsa Həbibbəyli qonaqların təklif etdiyi “Çin və Azərbaycan arasında dostluq və dostluq münasibətlərinin tarixi” kitabının hazırlanması layihəsini dəstəklədiyini bildirib. Təklif olunan layihədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Tarix və Etnologiya İnstitutu, Şərqşünaslıq İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutunun iştirak edə biləcəyini qeyd edib. Layihənin ilkin plan-prospektinin müvafiq elmi müəssisələrin təklif və əlavələri əsasında yekunlaşdırılmasını, daha sonra fəsillərin müəlliflərinin müəyyənləşdirilməsini, nəşrin 2027-ci ildə Azərbaycan və Çin dillərində çapını məqsədəuyğun hesab edib.

Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjun çıxışında Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini və bu əlaqələrin tarixi-mədəni aspektlərinin birgə nəşrlər vasitəsilə daha geniş auditoriyaya çatdırılmasının vacibliyini bildirib. O, Çin ilə digər ölkələr arasında dostluq münasibətlərinin tarixindən bəhs edən üç kitabın – Belarus, Qazaxıstan və Tacikistanla bağlı nəşrlərin artıq hazırlandığını, növbəti kitabın isə Azərbaycanla əlaqələrə həsr olunacağını qeyd edib.

Du Yongjun gələn il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyini xatırladaraq, “Çin və Azərbaycan arasında dostluq və dostluq münasibətlərinin tarixi” kitabının 2027-ci ildə tamamlanmasının və yubiley çərçivəsində təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O, nəşrdə iki ölkə arasında tarixi, mədəni, texniki və iqtisadi əlaqələrin əks etdiriləcəyini bildirib. Qansu vilayətinin UNESCO Assosiasiyası ilə AMEA arasında müvafiq əməkdaşlıq sənədinin imzalanmasını və kitab üzərində işə tezliklə başlanılmasını təklif edib. Qonaq gələcək əməkdaşlıq çərçivəsində süni intellekt, müasir texnologiyalar, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin Qansu vilayətinin UNESCO Assosiasiyasının Şura üzvləri - Çjan Junbao, An Mandong, tərcüməçi Song Guangxiao və başqaları iştirak ediblər.