“TK Project” şirkətinin direktoru: Layihələndirmə prosesində səmərəli enerji həlləri tətbiq edirik - MÜSAHİBƏ

“TK Project” MMC-nin direktoru Tofiq Kərimli AZƏRTAC-a müsahibəsində rəhbərlik etdiyi şirkətin dövlət dəstəyi ilə həyata keçirdiyi Qarabağda infrastrukturun və yaşayış binalarının bərpası üzrə əsas layihələrin təfərrüatlarını açıqlayıb. Tikinti layihəsi üzrə ekspert gələcəyin enerjiyə qənaət edən şəhərlərinin yaradılması, o cümlədən alternativ enerji mənbələrindən istifadə etməklə innovativ həllərin tətbiqi barədə ətraflı danışıb. O, həmçinin Azərbaycanda tikinti sənayesinin inkişaf perspektivləri bağlı fikirlərini bölüşüb və ölkə iqtisadiyyatının bu strateji əhəmiyyətli sektorunda məsuliyyətli yanaşmanın və qabaqcıl texnologiyaların tətbiqinin rolunu vurğulayıb.

— Tofiq müəllim, mühəndis-dizayner təhsiliniz dizayna baxışınıza və yanaşmanıza necə təsir edib? Universitetdə qazandığınız hansı xüsusi bacarıq və biliklər praktiki işinizdə ən dəyərli olub?

— Tikinti sahələri və onlarla bağlı hər şeylə maraqlanırdım. Məsələn, dəmir-beton və metaldan çərçivənin necə yaradılması mənə maraqlı idi. Ona görə də mühəndis-konstruktor olmaq üçün oxumağa getdim, sonra bu sahədə magistraturada təhsilimi davam etdirdim.

Universitetdə əldə edilən fundamental biliklər zəruri peşəkar bacarıqların inkişafında əsas amilə çevrildi. Dəqiq elmlərin dərindən öyrənilməsi, texniki sənədlərin işlənib hazırlanması üsulları, tikinti qaydalarına dair biliklər və layihənin idarə edilməsi bacarıqları mənim işimdə genişspektrli praktiki problemlərin səmərəli həlli üçün möhkəm əsas olub.

— Bayaq dediniz ki, sizin sahənizdə ən dəyərli amil zamandır. Layihələndirmə prosesində sürət niyə bu qədər vacibdir?

— Dizaynda ən dəyərli olan onun müddətidir. Layihəni nə qədər sürətlə başa çatdırsanız, müştərinin gözləntilərini vaxtında qarşılaya bilsəniz, onda xərclər daha az olacaq və tikinti daha tez başlayacaq. Beləliklə, bizim sahəmizdə ən vacib amil zamandır.

- Haqlısınız, həqiqətən də layihələrin həyata keçirilməsində zaman əsas rol oynayır. İndi Qarabağdakı fəaliyyətinizdən danışaq. Böyük dövlət müqavilələri üzərində işləyirsiniz. Bu, vacib və məsuliyyətli işdir. Qarabağda həyata keçirilən layihələrin regionun bərpası və infrastrukturun inkişafı üçün əhəmiyyəti nədən ibarətdir?

— Bizim bir milyona yaxın qaçqınımız var idi, onların 800 mini Bakıda dəhşətli şəraitdə - çadırlarda və yataqxanalarda yaşayırdı. Müəyyən bir məqamda məcburi köçkünlərin doğma yurdlarına qayıtması məsələsi ortaya çıxdı. Məsələn, Ağdam şəhərində 2040-cı ilə qədər 100 min nəfərin şəhərin özünə, 100 min sakinin isə ətraf kəndlərə qaytarılması nəzərdə tutulur. Bu, ümumi ərazisi 2450 hektar olan Qarabağın bütün şəhərləri arasında ən böyük şəhərdir. Layihələndirmə işinə başlamazdan əvvəl sakinlər arasında sosial sorğu keçirilib. Bu məlumatlar əsasında bütün şəhər və kəndlər üzrə baş planlar hazırlanıb, layihələndirmə üçün texniki şərtlər formalaşdırılıb. İnfrastrukturun bərpası və insanları geri qaytarmaq üçün böyük bir şəhərsalma proqramı həyata keçirilir.

— İndicə qeyd etdiniz ki, Qarabağda planlaşdırılan şəhərlərə xüsusi tələblər qoyulur. Onların spesifik xüsusiyyətləri nədən ibarətdir? Hansı innovativ həllərdən istifadə olunur?

— Yeni şəhərlər salarkən müasir reallıqları nəzərə almalıyıq. Yaşıl enerji və ətraf mühitin mühafizəsi siyasəti Qarabağda ən səmərəli şəkildə həyata keçirilir. Biz enerjiyə qənaət edən şəhərlər yaradırıq, günəş elektrik stansiyaları tikirik və yaşıl enerjidən istifadə edirik. Davamlı inkişaf təkcə ağıllı kəndlər və şəhərlər deyil, həm də gələcəkdə xüsusilə təşviq ediləcək ekoloji cəhətdən təmiz nəqliyyatdır. Məsələn, Şuşa şəhərində artıq elektrik avtobusları istifadəyə verilib.

Əsas tələblərin spesifikliyi sakinlər üçün mümkün olan bütün şəraitin nəzərə alınmasıdır: mühəndis sistemləri, yollar, təhsil, tibb, idman, əyləncə obyektlərinin təşkili və sairə.

— Siz Ağdamda təxminən 150 min kvadratmetr sahəsi olan ən böyük yaşayış komplekslərindən birini layihələndirmisiniz. Bu layihənin çətinliyi nədən ibarət idi və o, şirkət üçün nə deməkdir?

- Bu, həqiqətən də çox böyük layihə idi. Ağdam şəhəri beş yaşayış zonasına bölünmüşdü, dördüncüsünü biz layihələndirmişik. Azərbaycanda heç vaxt belə miqyasda tikinti aparılmayıb, çünki Bakıda bu qədər tikinti aparmağa sadəcə olaraq yer yoxdur, Qarabağda isə bütövlükdə dağıdılmış şəhərlər var ki, onları bərpa etmək lazımdır. Uğurumuz digər müştərilərin də diqqətini çəkdi və bizə başqa böyük layihələr sifariş olunmağa başladı. Yüksəkkeyfiyyətli iş və onun vaxtında yerinə yetirilməsi sayəsində biz etibar və reputasiya qazandıq.

- Həqiqətən də təsiredici miqyasdır. Bu kompleksdə hansı qabaqcıl texnologiyalardan və orijinal mühəndislik həllərindən istifadə olunub?

— Biz enerji səmərəliliyi və yaşıl texnologiyaların istifadəsinə diqqət yetirdik. Bu, sakinlərin istilik və elektrik enerjisi xərclərini azaldacaq.

Digər vacib məqam seysmik müqavimətdir. Qarabağ seysmik aktiv zonada yerləşir və binaların dayaq konstruksiyaları seysmiklik nəzərə alınmaqla artan yüklər üçün nəzərdə tutulub. Ümumiyyətlə, biz müasir texnologiyalar, təhlükəsizlik və enerji səmərəliliyini bir layihədə birləşdirə bildik.

— Siz həmişə zamanla ayaqlaşır və layihələr həyata keçirərkən qabaqcıl həllər tətbiq edirsiniz. Dəyişən bazar tələblərinə çevik şəkildə uyğunlaşmağı və yenilikləri tətbiq etməyi necə bacarırsınız?

— Mən həmişə hadisələri qabaqlamağa və müştərilərə ən müasir həllər təklif etməyə çalışıram. Ən yaxşı dünya təcrübəsini öyrənərək dizayn və tikinti sahəsindəki tendensiyaları yaxından izləyirəm. Şirkətin bir hissəsi olaraq, biz mütəxəssislərimiz üçün təlimlər və təkmilləşdirmə seansları keçiririk ki, onlar ən son tendensiyalardan xəbərdar olsunlar.

Eyni zamanda, bizim üçün sadəcə dəbdə olan üsullar tətbiq etmək deyil, həqiqətən faydalı və tələb olunan məhsullar yaratmaq vacibdir. Buna görə də bütün yeni həllər və texnologiyaları konkret müştərinin və layihənin ehtiyaclarına uyğunlaşdırırıq. Düşünürəm ki, uğurlu və innovativ olmağımıza kömək edən müştəri ilə harmoniya və detallara diqqətimizdir.

- Tofiq, mənalı söhbətə görə təşəkkür edirəm. Sizə və şirkətinizə uğurlar və tərəqqi arzulayıram!

- Maraqlı suallarınız üçün təşəkkür edirik! Ümidvaram ki, bu müsahibə oxucular üçün faydalı olacaq və onlara işimizin xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcək. Biz bundan sonra da müştərilərin yüksək etimadını doğrultmağa və Azərbaycanın inkişafına töhfə verməyə çalışacağıq.