Etibarlılıq həlledici amilə çevriləndə: Bakı yeni enerji arxitekturasının mərkəzində

Bu gün Bakı yenidən Avrasiya enerji gündəliyinin formalaşdırıldığı əsas platformalardan birinə çevriləcək: Azərbaycan paytaxtında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 4-cü nazirlər iclası keçiriləcək. Bu tədbirlərin eyni vaxtda təşkil olunması ölkənin rolunun strateji transformasiyasını - ənənəvi karbohidrogen ixracatçısından həm təbii qaz, həm də “təmiz” elektrik enerjisi ilə bazarı paralel şəkildə təmin edə bilən kompleks panavropa enerji təchizatçısına keçidi əks etdirir.

Bakıda keçirilən görüşlərin aktuallığı bu gün sürətlə dəyişən geosiyasi konfiqurasiya fonunda daha da artır. 2022-ci ildə Ukraynada başlayan müharibə Avropanın enerji arxitekturası üçün dönüş nöqtəsi oldu və Avropa İttifaqını təchizat mənbələrini sürətləndirilmiş şəkildə şaxələndirməyə məcbur etdi. Bununla yanaşı, Yaxın Şərqdə hazırkı eskalasiyalar qlobal enerji marşrutlarının həssaslığını bir daha nümayiş etdirdi. Neft və mayeləşdirilmiş təbii qaz tədarükləri üçün zəruri əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə mümkün fasilə riskləri təchizatçıların etibarlılığı və logistikanın dayanıqlığı məsələsini yenidən gündəmə gətirdi. Belə şəraitdə proqnozlaşdırıla bilən və uzunmüddətli tədarüklərə zəmanət verə bilən tərəfdaşların əhəmiyyəti obyektiv olaraq artır və bazarda belə oyunçuların sayı çox deyil.

Məhz buna görə Bakıda keçiriləcək iclaslar sadəcə illik sahəvi dialoq kimi deyil, enerji prioritetlərinin yenidən qiymətləndirilməsi üçün vaxtında yaradılmış platforma kimi qəbul olunur. Tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsinin sürətləndirilməsini müzakirə edə, uzunmüddətli müqavilələrin roluna dair daha aydın yanaşma nümayiş etdirə, həmçinin mövcud şəraitdə getdikcə daha çox praqmatik qiymətləndirməyə məruz qalan fosil yanacaq layihələrinin maliyyələşdirilməsinin məhdudlaşdırılmasına dair birtərəfli yanaşmaları yenidən nəzərdən keçirə bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyev artıq 2025-ci ilin aprelində keçirilmiş əvvəlki Məşvərət Şurası iclasında faktiki olaraq cari mərhələnin fəlsəfəsini müəyyənləşdirmişdi. Dövlət başçısı vurğulamışdı:

“Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”,- deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, mövcud qlobal qeyri-sabitlik fonunda bu qiymətləndirmə xüsusilə aktual səslənir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, oxşar siqnallar Brüsseldən də gəlir. Energetika və mənzil məsələləri üzrə Avropa Komissarı Dan Yorgensen Bakıda keçiriləcək görüşlər ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib:

“Bakıda verəcəyim əsas mesaj tərəfdaşlığın davam etdirilməsi və ümumi strateji maraqların mövcudluğu olacaq. Avropa İttifaqı (Aİ) Azərbaycanın sabit və etibarlı tərəfdaşı olaraq qalır və biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu çətin dövrdə Azərbaycan Avropaya tədarüklərin şaxələndirilməsində və Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynayıb. Aİ-də artıq Rusiya qazının idxalına tam qadağa tətbiq olunduğunu nəzərə alsaq, bu töhfənin əhəmiyyəti yalnız artacaq”,- deyə o bildirib.

Yorgensen diqqətəlayiq dinamikanı da qeyd edib:

Avrokomissar qeyd edib ki, Ukraynada müharibənin başlanmasından sonra Xəzər qazı Avropanın Rusiya tədarüklərindən asılılığının kəskin azalmasında mühüm rol oynayıb — Avropanın qaz təchizatı strukturunda bu göstərici 45 faizdən cari ildə təxminən 10 faizə enib.

“Bu, sadəcə statistika deyil - bu, Avropanın enerji təhlükəsizliyi üçün strateji uğurdur. Bununla belə, vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız yalnız qazla məhdudlaşmır. Söhbət həm də “yaşıl keçid"in dəstəklənməsindən gedir, çünki həm Avropa İttifaqı, həm də Azərbaycan elektrikləşməni sürətləndirir, infrastrukturu müasirləşdirir və Paris Sazişinə sadiqliyini qoruyur. Bu, iqtisadiyyatlarımız və enerji gələcəyimiz üçün qarşılıqlı fayda yaradır”,- deyə Yorgensen qeyd edib.

Bu bəyanatların faktiki əsasları artıq formalaşıb. 2026-cı ilin yanvarından etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliya üzərindən Avstriya və Almaniyaya Azərbaycan təbii qazının tədarükünə başlayıb ki, bu da Avropa qaz bazarının inkişafında yeni mərhələ hesab olunur. 2025-ci ildə ölkədə qaz hasilatı 51,5 milyard kubmetrə çatıb. Bunun 27,9 milyard kubmetri “Şahdəniz”, 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” bloku, 1,6 milyard kubmetri “Abşeron” yatağı, əlavə 7,9 milyard kubmetri isə SOCAR tərəfindən təmin edilib. Ümumi ixrac 25,2 milyard kubmetr təşkil edib ki, bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya yönəldilib.

Avropaya yönəlmiş Cənub Qaz Dəhlizinin seqmenti — TAP — bu günədək Avropa İttifaqı ölkələrinə 56 milyard kubmetr qaz tədarük edərək enerji mənbələrinin şaxələndirilməsini əhəmiyyətli dərəcədə gücləndirib. Bundan əlavə, cari ilin yanvar ayında TAP layihəsinin illik ötürücülük gücü 1,2 milyard kubmetr artırılaraq ilk genişləndirilməsi həyata keçirilib ki, bu da artıq 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin edəcək.

İqtisadi təsir də olduqca əhəmiyyətlidir: Yorgensenin sözlərinə görə, TAP vasitəsilə kommersiya qaz tədarüklərinin başlanmasından etibarən 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı Azərbaycana təxminən 24 milyard avro gəlir gətirib.

 

Lakin hazırkı mərhələnin strateji xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan paralel şəkildə “yaşıl transformasiya"nı sürətləndirərək enerji sinerjisi modelini formalaşdırır. Beynəlxalq investorların iştirakı ilə artıq iki iri bərpa olunan enerji layihəsi həyata keçirilib.

2026-cı il yanvarın 8-də rəsmi açılışı keçirilmiş və “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı–Abşeron” külək elektrik stansiyası ildə təxminən 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, bununla da 220 milyon kubmetrədək qaz qənaəti təmin olunacaq və 400 min tondan artıq CO₂ emissiyasının qarşısı alınacaq.

Masdar şirkəti ilə birgə reallaşdırılan və 2023-cü ilin oktyabrında istismara verilmiş 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası isə hər il təxminən 500 milyon kVt/saat elektrik enerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr qaz qənaətinə və karbon emissiyalarının 200 min ton azalmasına bərabərdir.

Prezident İlham Əliyev Davosda çıxışı zamanı iddialı hədəfləri açıqlayıb:

“Yaxın altı il ərzində günəş və külək enerjisi üzrə istehsal güclərimizi əhəmiyyətli dərəcədə artıracağıq… 2032-ci ilə qədər ölkədə səkkiz giqavat günəş və külək enerjisinin istehsal olunacağını gözləyirik”.

Sahə üzrə proqnozlara əsasən, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ildə 25 faizə, 2030-cu ildə isə 30 faizə çatacaq.

Uzunmüddətli strategiyanın əsas elementlərindən biri transregional “yaşıl” enerji dəhlizlərinin formalaşdırılmasıdır. energetika nazirinin müavini Elnur Soltanov Trend-ə bildirib:

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimi ilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılması planlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilin əvvəllərində yekunlaşa bilər”.

Onun sözlərinə görə, məsləhətçi şirkətinin seçimi bu mərhələdə layihənin keyfiyyətli və vaxtında tamamlanması üçün vacibdir, çünki əsaslandırma olmadan investisiya və tikinti mərhələsinə keçmək mümkün deyil. Bu, layihənin ümumi zaman qrafikinə birbaşa təsir göstərəcək.

Nazir müavini bildirib ki, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya “yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur. Paralel olaraq Xəzər — Qara dəniz — Avropa enerji dəhlizi də irəlilədilir və artıq Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarının birgə müəssisəsi yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının cari ilin birinci rübündə tamamlanması gözlənilir, mərhələli icra isə 2040-cı ilə qədər nəzərdə tutulubBununla yanaşı, Xəzər dənizində ofşor külək energetikasının texniki potensialı təsirli 157 GVt həcmində qiymətləndirilir.

Beləliklə, Bakıda keçiriləcək qarşıdakı iclaslar Avropanın enerji təhlükəsizliyi ilə dekarbonizasiya arasında balansı faktiki olaraq yenidən formalaşdırdığı bir dövrə təsadüf edir. Son illərin reallığı göstərdi ki, dayanıqlı alternativlər yaradılmadan etibarlı enerji mənbələrindən sürətli imtina ciddi iqtisadi və sənaye riskləri yarada bilər.

Yeni enerji konfiqurasiyasında Azərbaycan unikal mövqedə çıxış edir - orta müddətli perspektivdə sabitlik üçün zəruri əhəmiyyət daşıyan qaz təchizatçısı, eyni zamanda isə uzunmüddətli dövrdə formalaşmaqda olan “yaşıl enerji" ixracatçısı kimi.

Ukraynadakı müharibə, Yaxın Şərqdə qeyri-sabitlik və ənənəvi tədarük marşrutları üçün artan risklər fonunda etibarlı tərəfdaşların əhəmiyyəti obyektiv şəkildə artır. Martın 3-də Bakıda keçirilən görüşlər mahiyyət etibarilə Avrasiyanın yeni enerji arxitekturasının formalaşdığı əsas məqamlardan birinə çevrilə bilər və bu prosesdə Azərbaycan mühüm, sistem əhəmiyyətli və proqnozlaşdırıla bilən ümumavropa enerji təchizatçısı statusunu daha da möhkəmləndirir.