Cavad Heyran-Nia: Bakı sabitliyin və beynəlxalq əməkdaşlığın strateji mərkəzinə çevrilir

Son illərdə Azərbaycan Cənubi Qafqazda regional sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın əsas amillərindən biri kimi mövqeyini inamla möhkəmləndirir. Ölkə strateji baxışı praktik addımlarla birləşdirmək bacarığını nümayiş etdirir: infrastruktur və enerji layihələrində iştirakdan tutmuş Orta Dəhliz və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi regional nəqliyyat dəhlizlərinin təşviqinə qədər.

Bakının xarici siyasət fəaliyyəti ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri də daxil olmaqla aparıcı beynəlxalq tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsində özünü göstərir. Azərbaycan təkcə iqtisadi və enerji mərkəzi deyil, həm də Cənubi Qafqazda və daha geniş regional kontekstdə təhlükəsizliyin, sabitliyin və çoxtərəfli əməkdaşlığın təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir.

İranlı ekspert, Körfəz Əməkdaşlıq Şurası ölkələri üzrə Araşdırmalar Qrupunun direktoru Cavad Heyran-Nia AZƏRTAC-ın suallarını cavablandırıb.

– Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Qonşu ölkələr və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın hansı müsbət nümunələrini qeyd etmək olar?

– Bakı hazırda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması vasitəsilə ABŞ ilə münasibətləri gücləndirməklə öz maraqlarını təşviq etmək imkanlarını nəzərdən keçirir. Bu tərəfdaşlıq enerji və nəqliyyat dəhlizlərinə yönəlib və Azərbaycanın Cənubi Qafqazda etibarlı ABŞ tərəfdaşı kimi rolunu daha da möhkəmləndirə bilər.

Digər tərəfdən, Şərqlə Qərbi birləşdirən Orta Dəhliz də daxil olmaqla, Azərbaycanın mühüm enerji və nəqliyyat qovşağı kimi rolu iqtisadi inkişafa və regional sabitliyə töhfə verir. Çin və Mərkəzi Asiyanı Azərbaycan ərazisi vasitəsilə Türkiyə və Avropa ilə birləşdirməsi iqtisadi qarşılıqlı asılılıq yaradır ki, bu da sabitliyin və genişlənmiş əməkdaşlığın güclənməsinə xidmət edir.

Bundan əlavə, Azərbaycan ilə Gürcüstan arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri və sərhəd infrastrukturu kimi layihələr üzrə əməkdaşlıq davamlı enerji və tranzit tərəfdaşlığının əsasını qoyub. Bu tendensiya Türkiyə, Gürcüstan və Bolqarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində də davam edir ki, bu da enerji təhlükəsizliyi və regional inteqrasiya baxımından mühüm addımdır.

Bundan başqa, Ermənistanla sülh sazişinin əldə edilməsi Azərbaycanın regional nəqliyyat marşrutlarında daha fəal rol oynamasına imkan yarada bilər. Buraya Azərbaycanı Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikası ilə birləşdirən tranzit marşrutları (TRIPP) kimi layihələr daxildir ki, bu da iqtisadi və regional əməkdaşlığı təşviq edə bilər.

– Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə diplomatik və iqtisadi əlaqələrini fəal şəkildə gücləndirir. Bakının regional əməkdaşlığın inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verdiyi töhfəni necə qiymətləndirirsiniz?

– Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında mədəni və dini əlaqələr mövcud olsa da, müasir münasibətlər bu ortaq cəhətlərin çərçivəsindən xeyli kənara çıxır və dəyişən dünya nizamının geosiyasi və geoiqtisadi kontekstində formalaşır. Bu baxımdan enerji sektoru və tranzit dəhlizləri üzrə əməkdaşlıq qarşılıqlı maraqların əsas sütununa çevrilib.

Azərbaycan üçün KƏŞ üzvləri ilə enerji tərəfdaşlığı münasibətlərin inkişafında aparıcı istiqamətlərdən biridir. Ərəb ölkələrindən gələn investisiyaların həcmi və keyfiyyəti bunu təsdiqləyir. BƏƏ şirkətlərinin – Əbu-Dabi İnvestisiya Fondu (ADQ) və bərpaolunan enerji üzrə aparıcı şirkət “Masdar”, eləcə də Səudiyyə Ərəbistanı şirkətlərinin böyük yaşıl enerji layihələrində iştirakı Azərbaycanın regionda inkişaf edən yaşıl enerji mərkəzinə çevrilməsinə töhfə verir. Bu layihələr günəş və külək enerjisini, eləcə də yaşıl hidrogen istehsalını əhatə edir.

Azərbaycan Xəzər dənizi ilə istehlak bazarları arasında enerji körpüsü rolunu oynayaraq həm regional, həm də qeyri-regional tərəfdaşların enerji təhlükəsizliyinə töhfə verir. Qarşılıqlı faydalı əməkdaşlığa nümunə kimi ADNOC-un (Əbu-Dabi Milli Neft Şirkəti) Cənub Qaz Dəhlizində pay əldə etməsi və Azərbaycanın qaz layihələrində iştirakı göstərilə bilər. Bu əməkdaşlıq təkcə Avropaya enerji təchizatını gücləndirmir, həm də Bakı ilə Körfəz ölkələri arasında geosiyasi əlaqələri möhkəmləndirir.

Azərbaycanla KƏŞ ölkələri arasında münasibətlər yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan ilə BƏƏ arasında qeyri-enerji ticarət dövriyyəsi 2 milyard ABŞ dollarını ötüb və Əbu-Dabi GCC ölkələri arasında Bakının əsas ticarət tərəfdaşına çevrilib. Ölkələr arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün institusional baza yaradır.

Qafqaz, Avrasiya və ərəb dünyası arasında əlaqələndirici halqa kimi çıxış edən Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dən infrastruktur, enerji və turizm sahələrinə investisiyalar cəlb edərək çoxtərəfli əməkdaşlığın inkişafına və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsi Türkiyə ilə dərinləşən münasibətlər kontekstində də nəzərdən keçirilməlidir. Ankara ilə Bakı arasında strateji müttəfiqlik, eləcə də Türkiyənin Gürcüstanla yaxın əlaqələri ərəb ölkələrinin regionda iqtisadi iştirakını sürətləndirib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən və ölkənin geosiyasi təsirinin artmasından sonra ərəb ölkələrinin strateji tərəfdaşlığa marağı daha da yüksəlib.

Ötən il BƏƏ ilə hərtərəfli strateji tərəfdaşlığın elan edilməsi və Səudiyyə Ərəbistanı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi enerji və bərpaolunan enerji sahələrinə iri investisiyalar üçün yeni imkanlar yaradıb. Təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında birgə “Peace Shield-2026” təlimləri və müdafiə sahəsində əməkdaşlıq sənədlərinin imzalanması uzunmüddətli tərəfdaşlığa keçidin göstəricisidir.