Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Böyük Britaniyaya işgüzar səfərimiz çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdük. Azərbaycan – Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.

Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi apardıq. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyətini vurğuladıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 720,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə statistika məlumatında bildirilib.

 

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 3 milyard 482,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, bu ölkədən Azərbaycana idxalın həcmi isə 237,8 milyon dollar olub.

Beləliklə, Azərbaycanın Böyük Britaniya ilə ticarətində 3 milyard 245,1 milyon dollar müsbət saldo formalaşıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 955,5 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycandan Böyük Britaniyaya 241,2 milyon dollar dəyərində məhsul ixrac olunub, idxal isə 714,3 milyon dollar təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3,9 dəfə və ya 289,5 faiz artıb. İxrac 14,4 dəfə yüksəlib, idxal isə təxminən 3 dəfə azalıb.

Bundan əlavə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 3 milyard 482,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu göstərici ilə hesabat dövründə Böyük Britaniya Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısı olub.