Avropa İnvestisiya Bankı (AİB) “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsini dəstəkləyir, lakin onun maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunması üçün xərclərin, faydaların və risklərin iştirakçı ölkələr arasında bölüşdürülməsi, eləcə də texniki məsələlər dəqiqləşdirilməlidir.
Bu barədə AİB-in bölmə rəhbəri Violaine Silvestro Von Kameke Azərbaycanın Energetika Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan videoda bildirib. O, Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumunda layihənin perspektivləri barədə fikirlərini bölüşüb.
“Avropa İnvestisiya Bankı olaraq, layihənin hazırlanması prosesində əldə olunan irəliləyişlərlə tanış olmaq imkanı verən bu konfransda iştirak etməkdən məmnunuq. Biz layihəni fəal şəkildə dəstəkləyirik. Yaxın gələcəkdə texniki-iqtisadi əsaslandırmanın nəticələri əsasında konkret qərarların qəbul ediləcəyini, daha sonra isə maliyyələşdirmə mərhələsinə keçiləcəyini gözləyirik”, – o bildirib.
AİB rəsmisi qeyd edib ki, bank bərpaolunan enerjinin inkişafına, regional inteqrasiyanın gücləndirilməsinə və təmiz enerjidən istifadənin genişləndirilməsinə xidmət edən layihələrə xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, bu cür təşəbbüslər Avropa İttifaqı (Aİ) ölkələrində elektrik enerjisinin daha əlverişli qiymətlərlə təmin olunmasına da töhfə verə bilər.
Bununla belə, Violaine Silvestro Von Kameke layihənin maliyyələşdirilməsi imkanlarının qiymətləndirilməsi üçün bir sıra məsələlərin aydınlaşdırılmalı olduğunu vurğulayıb.
“Belə genişmiqyaslı layihədə iştirak edəcək bütün ölkələr barədə daha ətraflı məlumat əldə etməliyik. Eyni zamanda xərclərin, əldə olunacaq faydaların və risklərin iştirakçı tərəflər arasında necə bölüşdürüləcəyini aydınlaşdırmaq vacibdir”, – o deyib.
AİB nümayəndəsi, həmçinin layihənin texniki layihələndirilməsi üzrə irəliləyişlər və onun həyata keçirilməsi ilə bağlı texniki xüsusiyyətlər barədə əlavə məlumat almaqda maraqlı olduqlarını bildirib.