Azərbaycan və Çin şirkətləri arasında bərpa olunan enerji və enerji saxlama sistemləri sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, agentliyin direktor müavini Fəqan Abdurəhmanov və böyük məsləhətçisi Habil Abdullayev oktyabrın 20-22-də Çinin Pekin şəhərində keçirilən “Connectivity Investment Conference on Energy Storage” adlı konfransda iştirak ediblər.
Konfrans çərçivəsində enerji saxlama sistemlərinin iqtisadi səmərəliliyi, investisiya imkanları, maliyyələşdirmə modelləri, eləcə də bu sahədə siyasət və tənzimləmə mexanizmləri müzakirə olunub. Tədbirdə Çin şirkətlərinin və müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə enerji saxlama texnologiyalarının inkişafı və tətbiqi üzrə təqdimatlar keçirilib.
Oktyabrın 22-də keçirilən “Developing Markets – Part 2” sessiyasında Fəqan Abdurəhmanov “Azərbaycanda bərpa olunan enerji və BESS-in inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemlərinin (BESS) ölkənin enerji sisteminə inteqrasiyası perspektivləri və bu sahədə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq imkanları barədə məlumat verilib. Təqdimatdan sonra keçirilən panel müzakirələrində iştirakçıların sualları cavablandırılıb.
