Azərbaycan Biznesinin İnkişafı Fondunun aktivləri təxminən 950 milyon ABŞ dolları təşkil edir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Biznes Forumunda Azərbaycan Biznesinin İnkişafı Fondunun İnvestisiya departamentinin direktoru Mikayıl Əliyev bildirib.
Onun sözlərinə görə, fond iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı və yaşıl enerji sahələrində layihələri dəstəkləyir.
O qeyd edib ki, Almaniya şirkətləri ilə əməkdaşlıq artıq bir sıra layihələr çərçivəsində həyata keçirilir. Bunlara arpa səmənisinin emalı, alkoqolsuz içkilərin istehsalı və ikioxlu istiqamətləndirilmiş polipropilen (BOPP) plyonkasının istehsalı daxildir. Almaniya şirkətləri bu layihələr üçün avadanlıqlar tədarük edirlər.
“Hazırda fondun idarə etdiyi aktivlərin həcmi təxminən 950 milyon dollar təşkil edir. Fondun üç əsas məqsədi var: iqtisadi artımın və şaxələndirmənin dəstəklənməsi, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi, eləcə də idxaldan asılılığın azaldılmasına yönəlmiş rəqabətqabiliyyətli layihələrə investisiya qoyuluşu.
Fondun bir layihədə iştirak payının maksimum məbləği 20 milyon ABŞ dollarıdır. Bununla yanaşı, fond, bir qayda olaraq, 30 faizə qədər payla minoritar səhmdar kimi çıxış edir. Layihələrdə iştirak müddəti isə adətən beş ildən yeddi ilədək olur”, – deyə M. Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan investorlara müxtəlif dövlət təşviqləri və xüsusi iqtisadi zonalar təklif edir. Bu baxımdan Mikayıl Əliyev sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında, eləcə də investisiyaların təşviqi mexanizmi çərçivəsində mövcud olan imkanları xüsusi vurğulayıb.