Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Moskvada İran İslam Respublikasının neft nazirinin vəzifəsini icra edən Həmid Bovard ilə görüşdük. Ölkələrimiz arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik", - paylaşımda qeyd olunub.
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq son illərdə ticarət, nəqliyyat, enerji, tranzit və logistika istiqamətlərində ardıcıl şəkildə genişlənir. İki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı dərinləşdirir, eyni zamanda energetika sahəsində elektrik və təbii qaz mübadiləsi üzrə birgə layihələr həyata keçirilir.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sərhədyanı iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye əməkdaşlığı və investisiya layihələrinin təşviqi istiqamətində də əməkdaşlığı davam etdirirlər. Enerji sektoru isə iki ölkə arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır.
