Aydan Şah: Həyatda şüurlu qərarlar vermək hər kəsin öyrənə biləcəyi bacarıqdır

Müasir dövrdə şəxsi inkişaf, daxili balans və şüurlu həyat anlayışları getdikcə daha aktual mövzuya çevrilir. İnsanlar artıq sadəcə gündəlik rutinlə kifayətlənmir, həyatlarını daha şüurlu və məqsədyönlü qurmaq istəyirlər. Həyat kouçu və transformasiya üzrə mütəxəssis Aydan Şah AZƏRTAC-a verdiyi müsahibədə bu sahəyə gəlmə yolundan, geştalt yanaşmasının üstünlüklərindən, insanları məqsədlərinə çatmaqdan saxlayan daxili maneələrdən, münasibətlərdə qarşıya çıxan çətinliklərdən və daxili tükənmə ilə enerji itkisi hallarının psixoloji səbəblərindən danışır. O, həmçinin şəxsi inkişafın insanın daxili gücünü kəşf etməyə, qorxuları aşmağa və həyatda daha şüurlu qərarlar verməyə necə kömək etdiyini izah edir.

- Sizin şəxsi yolunuz yaşam koçu və transformasiya üzrə mütəxəssis kimi necə formalaşdı? Bu sahəyə gəlməyinizdə hansı daxili və ya həyati dönüş nöqtələri həlledici oldu?

-Mən bu sahəyə təsadüfən gəlmədim. Bu, illərlə içimdə yetişən, amma bir müddət adını qoya bilmədiyim bir çağırış idi.

Uşaqlıqdan insanları çox yaxşı hiss etmişəm. Mənim üçün sözlərdən daha çox səslərin tonu, baxışların arxasındakı hisslər və səssiz qalan emosiyalar danışırdı. İnsanların demədiklərini eşidirdim, onların daxili ziddiyyətlərini, qorxularını, potensialını hiss edirdim. Bu empatiya mənim üçün həmişə təbii olub, sanki doğulduğumdan verilmiş bir alət kimi.

Eyni zamanda, analitik düşüncəm və liderlik bacarığım güclü idi. Uzun illər bu potensialı yalnız korporativ sahədə, IT-də istifadə etdim. Xəzər Universitetində Mühəndislik və kompüter elmləri fakültəsini bitirmişəm. Daha sonra Almaniyada “Applied Science” Universitetində IT menecerliyi istiqaməti üzrə MBA dərəcəsi almışam. Təxminən 11 illik peşəkar təcrübəm var və orada qərar vermək, sistem qurmaq, problemləri analiz etmək, insanları yönləndirmək mənim gündəlik rolum idi.

Amma insanlar mənə rəsmi vəzifəmə görə yox, insani keyfiyyətimə görə müraciət edirdilər. “Bir az danışa bilərik?”, “Sənə bir şey açmaq istəyirəm…”, “Məncə sən məni başa düşərsən…” deyirdilər.

Mən sadəcə dinləmirdim, doğru suallar verirdim. Bəzən bir sual insanın illərlə görə bilmədiyi həqiqəti üzə çıxarırdı. İnsanlar mənimlə söhbətdən sonra deyirdilər: “İndi hər şey daha aydındır”, “Mən nə etməli olduğumu anladım”, “Daxilimdə bir şey yerinə oturdu”.

O vaxt bunun adının kouçluq olduğunu bilmirdim, amma artıq transformasiya proseslərinə toxunurdum.

Həlledici dönüş nöqtələrindən biri həyatımın çox sadə, amma dərin anında baş verdi. Bir axşam həyat yoldaşımla mətbəxdə oturub planlar, arzular, potensial haqqında danışırdıq. Birdən içimdən belə bir cümlə çıxdı:

“Mən istəyirəm ki, arxamca kütlələr gəlsin. Hiss edirəm ki, dəyərli bilik və təcrübə daşıyıram və bunu insanlara ötürməliyəm.”

Bu, sadəcə ambisiya deyildi, məsuliyyət hissi idi. Həyat yoldaşım məni dəstəklədi və dedi ki, bu çağırışı reallaşdırmaq, faydaya və hətta gəlir mənbəyinə çevirmək lazımdır.

Beləliklə, kouçluqla şüurlu şəkildə tanış oldum. Mən Belarusda Evgeniya Nemkova adına Koçinq və Psixologiya İnstitutunu bitirmişəm, transformasion–geştalt koç üzrə diplomlu mütəxəssisəm.

Kouçinq yanaşması məni valeh etdi, çünki o, keçmişdə ilişib qalmır, “burada və indi” ilə işləyir. İnsanın hazırkı resurslarına baxır və “İndi nə edə bilərsən?” sualına fokuslanır. Mən intuisiya¬ma güvəndim, komfort zonamdan çıxdım və bu gün insanların həyatında real dəyişiklik yaradan bir transformasiya kouçu kimi fəaliyyət göstərirəm.

- İşinizdə geştalt-terapiya elementlərindən istifadə edirsiniz. Bu yanaşma sizin praktikanızda hansı üstünlükləri yaradır?

-Geştalt terapiyanın əsas ideyası belədir: Əgər həyatda nəsə deyilməli idi, amma deyilməyibsə, yaşanmalı idi, amma yaşanmayıbsa, bu, beyində “açıq səhifə” kimi qalır və enerjini alır. Geştalt-terapiya bunu fərq etməyə, yaşamağa və buraxmağa kömək edir.

Sadə dillə desək, geştalt yanaşması insanın burada və indi nə hiss etdiyini, nə yaşadığını və nəyə ehtiyacı olduğunu anlamaqdır - keçmişdə ilişib qalmadan, amma keçmişin bu günə təsirini görərək.

Misal çəkim. Bir insan deyir: “Bilmirəm niyə davamlı yorğunam və motivasiyam yoxdur.”

Geştalt yanaşmasında soruşuruq:

- “Bu yorğunluğun altında hansı hiss var?”

- “Sən əslində nədən bezmisən?”

- “Sənin ehtiyacın nədir, istirahət, sərhəd, dəstək, yoxsa dəyişiklik?”

Geştalt yanaşması insanın yarımçıq qalmış emosiyalarını, ifadə olunmamış ehtiyaclarını və daxili konfliktlərini üzə çıxarır. Bu metod insanı qurban mövqeyində saxlamır, amma zorla dəyişdirməyə də çalışmır.

“Sən artıq kifayətsən. Sadəcə özünü eşit” – bu, geştaltın əsas mesajıdır.

- Profilinizdə “özünü tapmaq, məqsədlərə çatmaq və münasibətləri qurmaq” mövzuları ön plandadır. İnsanlar bu sahələrdə ən çox hansı daxili maneələrlə üzləşirlər?

-Əsas maneələr qorxu və məhdudlaşdırıcı inanclardır – insanın daxilində səssiz bir səs ona “bunu bacarmazsan”, “risk etmə”, “sənə uyğun deyil” deyir.

Bu səs insanın həqiqi səsi deyil, keçmiş təcrübələrin və incinmələrin nəticəsidir. Problem qorxunun olması deyil, qorxu ilə özünü eyniləşdirməkdir.

“Mən qorxuram” hissdir. “Mən qorxaq adamam” isə inancdır.

Transformasiya məhz bu inanclar dəyişəndə başlayır. İnsan artıq özünü zəif yox, öyrənən biri kimi görür. Uduzan yox, təcrübə qazanan biri kimi.

- Bu gün bir çox insan “enerjim yoxdur”, “istəyirəm, amma hərəkətə keçə bilmirəm” hissindən şikayətlənir. Sizcə, bu halın arxasında duran əsas psixoloji səbəblər nələrdir?

-“Enerjim yoxdur” çox vaxt fiziki yorğunluq deyil, daxili tükənməni göstərir:

- İnsan uzun müddət istəmədiyi işdə və münasibətdə, başqalarını məmnun etmək üçün öz ehtiyaclarını arxa plana ataraq yaşayır.

- İnsan bir tərəfdən nəsə istəyir, digər tərəfdən qorxur. Dəyişmək istəyir, itirməkdən qorxur. İnkişaf etmək istəyir, gözə girməkdən qorxur.

- Mükəmməl etməliyəm inancı da hərəkəti bloklayır. Enerji hərəkətdən yaranır, gözləməkdən yox.

- Emosional yüklənmə: inciklik, qırğınlıq, narazılıq və günahkarlıq ifadə olunmayanda enerjini yeyir.

Enerjinin qaynağı motivasiya deyil, daxili uyğunluqdur. İnsan öz dəyərlərinə uyğun yaşadıqda, “yox” deməyi bacardıqda, özünə dəyər verdikdə və ehtiyaclarını eşitdikdə, enerji özü gəlir.

- Öz üzərində işləmək və şəxsi transformasiya anlayışları tez-tez yanlış başa düşülür. Bu mövzuda ən çox rastlaşdığınız yanlış təsəvvürlər hansılardır?

-Ən böyük yanlış transformasiyanı özünü dəyişmək kimi başa düşməkdir. İnsan sanki əvvəl səhv edir, sonra onu “düzəltmək” lazımdır. Halbuki transformasiya özünü silmək deyil, özünü xatırlamaqdır: kim olduğunu, nə istədiyini və nə ilə barışmadığını.

Bir başqa yanlış təsəvvür transformasiyanın həmişə xoş və yüngül proses olmasıdır. Real dəyişiklik çox vaxt rahat olmur, suallar yaradır, köhnə rolları dağıdır, münasibətləri dəyişdirir və insanı öz həqiqəti ilə üz-üzə qoyur.

- Münasibətlər mövzusu sizin fəaliyyətinizdə xüsusi yer tutur. Sağlam münasibət qurmağa daha çox nə mane olur: keçmiş təcrübələr, qorxular, yoxsa insanın özünü kifayət qədər dərk etməməsi?

- Bu üç faktor bir-birindən ayrı deyil, bir-birini qidalandırır. Keçmiş təcrübə qorxu yaradır və insanın özünü tanımasına mane olur. İnsan özünü kifayət qədər tanımadan münasibətə girir: sərhədini bilməyən, ehtiyaclarını tanımayan. Nəticədə insanlar münasibətdə “mən” olmaqdan qorxur, uyğunlaşır, susur, dözür, özlərini kiçildir.

Sağlam münasibət iki “özünü tanıyan” insanın bir-birini seçməsidir, yoxsa iki “tam olmayan” insanın bir-birini tamamlaması deyil. Müraciət edənlərin əvvəlcə özləri ilə əlaqəni qururuq, sonra sevgi daha dürüst və gerçək olur.

- Siz artıq 100-dən çox insanla çalışmısınız. Təcrübənizdə insanların həyatında ən çox hansı dəyişiklikləri müşahidə edirsiniz?

-Ən böyük dəyişiklik insanın özünə münasibətində baş verir. İnsan özünü eşitməyə başlayır, hərəkət “istəyirəm”lə olur, “lazımdır”la yox. Sərhəd qoymağı, “yox” deməyi öyrənir. Özünə inam artır, özünü məhdudlaşdırmır. Münasibətlərdə sağlam seçimlər edir: “Mən kimi seçirəm” deyir.

Karyera və maliyyə sahəsində də dəyişikliklər olur: sevmədiyi işi buraxır, öz layihəsinə başlayır, mövqeyini dəyişir. Amma əsas dəyişiklik daxili dəyər hissində olur.

- Bu gün sizi ən çox ilhamlandıran planlar və ideyalar hansılardır, yaxın zamanda onları necə reallaşdırmağı düşünürsünüz?

-Hazırda məni ən çox ilhamlandıran layihə insanların karyera yolunu şüurlu qurmasına kömək edəcək böyük bir proqramdır:

- Karyeraya yeni başlayanlar;

- İşləyən amma tükənmiş hiss edənlər;

- Yolunu dəyişmək və daha mənalı istiqamət tapmaq istəyənlər.

Proqram süni intellekt və rəqəmsal texnologiyaların inkişafını fürsətə çevirməyə, qorxuları, məhdudlaşdırıcı inancları və davamlılığı idarə etməyə fokuslanır.

Mən 10 ildən artıq karyera təcrübəmi, liderlik yolumu və dönüş nöqtələrimi paylaşacağam. İştirakçılar qorxu ilə yox, şüurla, panika ilə yox, strategiya ilə hərəkət etməyi öyrənəcəklər. Müqayisə ilə yox, öz yolu ilə inkişaf etsinlər.

Yaxın zamanda bu proqrama pilot kimi başlamağı planlaşdırıram - real nəticələri test etmək, iştirakçıların ehtiyaclarına uyğunlaşdırmaq və daha sonra geniş auditoriyaya təqdim etmək üçün.

Mənim üçün bu layihənin əsas məqsədi insanlara sadəcə yeni iş tapmaq yox, dəyişən dünyada öz yerini qorumağı və böyütməyi öyrətməkdir. Elə bir şəkildə ki, onlar həm zamana uyğun olsunlar, həm də özlərini itirməsinlər. Mən məhz bunu qururam.