Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 01.04.2026-cı il tarixində saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.
xxx
14:52
İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında mina hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub.
Məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.