Lökbatandakı yanğın “Kontak Home”un anbarında olub

Lökbatandakı yanğın “Kontak Home” mağazalar şəbəkəsinin anbarında olub.

Trend xəbər verir ki, bu barədə “Kontak Home” sosial media hesabında məlumat yayıb.

"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

 

Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq".

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.