Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır

Qazaxıstanın Aktöbe vilayətində ziyarətçilərin kütləvi zəhərlənməsindən sonra “Tumar” restoranının fəaliyyəti müvəqqəti dayandırılıb.

AZƏRTAC Kazinform-a istinadla xəbər verir ki, hadisə Muğaljar rayonunda baş verib.

Kütləvi zəhərlənmə faktı üzrə “Sanitariya qaydalarının və ya gigiyena normativlərinin pozulması” maddəsi ilə ibtidai istintaq başlanılıb.

Vilayətin səhiyyə idarəsinin məlumatına görə, iyunun 23-ü saat 14:00-a olan məlumata əsasən, bağırsaq infeksiyası əlamətləri ilə 113 nəfər tibbi yardım üçün müraciət edib. Onlar Muğaljar Rayon Xəstəxanasına və Vilayət Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər.

Pasiyentlərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hospitalizasiya olunanların bir hissəsində müsbət dinamika və vəziyyətin yaxşılaşması müşahidə olunur.

Mütəxəssislər laboratoriya tədqiqatları üçün restoranın qida məhsullarından və ətraf mühit obyektlərindən nümunələr götürüblər.

Araşdırma davam edir.