Günvurma ilə istivurmanın fərqi - Hansı daha təhlükəlidir?

Yay aylarında havanın temperaturunun yüksəlməsi günvurma və istivurma hallarının artmasına səbəb ola bilər. Hər iki vəziyyət insan sağlamlığı üçün təhlükə yaratsa da, yaranma səbəbləri və klinik əlamətləri baxımından bir-birindən fərqlənir. Xüsusilə isti havalarda risk qrupuna daxil olan şəxslərin bu hallardan qorunması və ilkin yardım qaydalarının bilinməsi mühüm əhəmiyyət daşıyır.

Günvurma və istivurma arasındakı fərqlər, ilkin müdaxilə və qorunma yolları ilə bağlı Trend-in sorğusunu Suraxanı rayon Təcili tibbi yardım bölməsinin həkimi Ruslan Bağıyev cavablandırıb.

Günvurma və istivurma arasında əsas fərq

 

Həkimin sözlərinə görə, günvurma və istivurma eyni məna daşımayan, lakin bir-biri ilə sıx əlaqəli iki fərqli klinik vəziyyətdir:

"Günvurma birbaşa günəş şüalarının uzun müddət baş və boyun nahiyəsinə təsiri nəticəsində yaranır və əsasən, mərkəzi sinir sisteminin qıcıqlanması ilə xarakterizə olunur. İstivurma isə günəş şüalarının birbaşa təsiri olmadan da, yüksək temperatur və rütubətli mühitdə uzun müddət qalmaq nəticəsində orqanizmin istilik tənzimləmə mexanizmi pozulduqda inkişaf edir. Klinik olaraq günvurmada baş ağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıq ön planda olduğu halda, istivurmada bədən hərarətinin 40°C və ya daha yüksək olması, şüur pozğunluğu, qıcolma və huş itkisi kimi daha ağır əlamətlər müşahidə oluna bilər. Bu səbəbdən hər iki vəziyyət ciddi qiymətləndirilməli, xüsusilə istivurma əlamətləri olduqda vaxt itirilmədən tibbi yardım göstərilməlidir".

İstivurma günvurmadan daha təhlükəlidir

Həkim qeyd edib ki, tibbi baxımdan istivurma daha ağır və həyati təhlükə yaradan vəziyyət hesab edilir. Bu zaman orqanizmin istiliyi tənzimləmə mexanizmi fəaliyyətini itirdiyi üçün bədən temperaturu sürətlə yüksəlir və daxili orqanlarda zədələnmə riski artır:

 

"Vaxtında müdaxilə edilmədikdə, beyin, ürək, böyrəklər və qaraciyər kimi həyati vacib orqanlarda ağır dəyişikliklər yarana, hətta ölüm halları baş verə bilər. Günvurma da diqqətdən kənarda qalmamalıdır, çünki vaxtında tədbir görülmədikdə istivurmaya səbəb ola və klinik vəziyyət ağırlaşa bilər".

Həkim bildirib ki, günvurma və istivurma hallarında ilk yardımın əsas məqsədi bədən temperaturunu təhlükəsiz şəkildə aşağı salmaq və həyati funksiyaları qorumaqdır. O bildirib ki, zərərçəkən dərhal kölgəli və ya sərin mühitə aparılmalı, artıq geyimləri çıxarılmalı və bədən sərin su ilə isladılmış dəsmallar və ya kompreslər vasitəsilə soyudulmalıdır:

"Huşu aydın olan şəxslərə kiçik qurtumlarla su və ya elektrolit tərkibli mayelər vermək mümkündür, lakin huşu pozulmuş şəxslərə ağızdan maye verilməsi aspirasiya riski yaratdığı üçün qəti tövsiyə edilmir. Eyni zamanda şəxsi buzlu suya salmaq, spirtlə bədəni silmək və ya tibbi yardımı gecikdirmək düzgün yanaşma hesab olunmur. Ağır əlamətlər müşahidə edilən bütün hallarda təcili tibbi yardım çağırılması vacibdir".

Həkim Ruslan Bağıyev bildirib ki, istiliklə əlaqəli ağırlaşmalar baxımından ən həssas qruplar azyaşlı uşaqlar və yaşlı insanlardır. Həkimin sözlərinə görə, uşaqlarda istilik tənzimləmə sistemi tam inkişaf etmədiyi, yaşlılarda isə bu mexanizmin funksiyası zəiflədiyi üçün yüksək temperaturun təsiri daha sürətli və ağır olur:

"Bununla yanaşı, ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı və digər xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar, eləcə də açıq havada çalışan insanlar risk qrupuna daxildir. Bu kateqoriyaya aid şəxslərin yay aylarında yüksək temperaturun təsirindən qorunması xüsusi əhəmiyyət daşıyır".

Həkim yay aylarında günvurma və istivurmadan qorunmaq üçün tövsiyələrini də bölüşüb. O qeyd edib ki, istiliklə bağlı ağırlaşmaların qarşısını almağın ən effektiv yolu profilaktik tədbirlərə riayət etməkdir:

"Günün ən isti saatları hesab olunan 11:00–17:00 aralığında uzun müddət açıq havada qalmaqdan çəkinmək, açıq rəngli, hava keçirən geyimlər geyinmək, başı günəşdən qorumaq tövsiyə olunur. Gün ərzində kifayət qədər maye qəbul edilməli, susuzluq hissi yaranması gözlənilmədən mütəmadi su içilməlidir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər isti hava şəraitində daha diqqətli olmalı, yüksək hərarət, halsızlıq, başgicəllənmə və ya şüur pozğunluğu kimi əlamətlər yarandıqda gecikmədən həkimə müraciət etməlidirlər".