Kolumbiyada zəlzələ nəticəsində azı 132 nəfər ölüb, 21 afterşok qeydə alınıb (YENİLƏNİB)

Kolumbiyanın qərbində baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində azı 132 nəfər ölüb, 570 nəfər yaralanıb.

Kolumbiya Geoloji Xidməti bazar ertəsi günün sonuna qədər 2,8 və 4,8 maqnitudalı təkanlar da daxil olmaqla, 21 afterşok qeydə aldığını bildirib.

Xidmət əlavə yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

xxx

10 avqust, 23:48

Kolumbiyanın yeni prezidenti Abelardo de la Esprielya bildirib ki, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 111 nəfərə çatıb.

Prezidentin sözlərinə görə, azı 87 nəfər xəsarət alıb, 61 bina dağılıb. O qeyd edib ki, hazırda əsas prioritet dağıntılar altında qalan insanların xilas edilməsidir.

Kolumbiyalı pop ulduzu Şakira zəlzələdən zərər çəkənlərlə həmrəy olduğunu bildirib.

“Bu gün bu zəlzələni hiss edən hər kəslə ürəyim birdir. Belə vaxtlarda biz kolumbiyalılar bir araya gəlməyi və bir-birimizə dəstək olmağı bacarırıq”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

“Vətənim üçün bütün gücümü və sevgimi göndərirəm. Gəlin bir-birimizə möhkəm sarılaq və mümkün qədər tez kömək edə bilməyimiz üçün təlimatları diqqətlə izləyək”, – Şakira qeyd edib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının Kolumbiyaya dəstək göstərməyə hazır olduğunu bildirib.

“Bu gecə Avropanın ürəyi Çoko bölgəsində baş verən dəhşətli zəlzələdən sonra Kolumbiya xalqının yanındadır. Biz artıq xilasetmə əməliyyatlarına kömək etmək üçün peyk xidmətimiz olan “Copernicus”u səfərbər etmişik”, – deyə o, sosial şəbəkədə yazıb.

7,4 maqnitudalı zəlzələ Kolumbiyanın Sakit okean sahilində yerləşən, əhalinin seyrək məskunlaşdığı Çoko əyalətində 107 kilometr dərinlikdə baş verib. Təbii fəlakət ölkənin iri şəhərlərində də hiss olunub.

Prezident Abelardo de la Esprielya ölənlərin ilkin sayının artmasından sonra ölkədə rəsmi olaraq fövqəladə vəziyyət elan edib.

Bu qərar hökumətə bürokratik maneələri aradan qaldıraraq fövqəladə vəsaitləri daha sürətlə səfərbər etməyə və dövlət resurslarını zəlzələdən ən çox zərər çəkmiş bölgələrə yönəltməyə imkan verəcək.

Qərar prezidentin Boqotada yerləşən Kolumbiya Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölməsinin böhran qərargahında fövqəladə iclas keçirdiyi vaxt qəbul edilib.

xxx

21:54

Kolumbiyanın qərbində baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb, onlarla bina dağılıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Zəlzələ nəticəsində Kali və Pereyra da daxil olmaqla iri şəhərlərdə binalar dağılıb və ciddi ziyan görüb.

"Guardian" qəzetinin El Espectador-a istinadən verdiyi məlumata görə, həlak olanlardan 40 nəfər Risaralda departamentində həyatını itirib.

Manizales şəhərinin meri Xorxe Eduardo Roxas Giraldo bildirib ki, şəhərdə azı 12 bina və 20 ev qismən və ya tamamilə dağılıb.

xxx

20:14

 

Kolumbiyanın qərbində baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb, onlarla bina dağılıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, zəlzələ binalara ciddi ziyan vurub və paytaxt Boqotaya qədər ərazilərdə insanların təxliyəsinə səbəb olub.

Kolumbiya Prezidenti Abelardo de la Espriella bərpa işlərinə şəxsən nəzarət edəcəyini bildirib.

Zəlzələ qonşu Ekvadorda da hiss olunub.

xxx

20:07

Kolumbiyanın ən böyük şəhərlərindən biri olan Kalidə 25 tikilinin uçması nəticəsində insanların dağıntılar altında qaldığı bildirilir.

Bu barədə şəhərin meri Alexandro Eder “Blu Radio”ya məlumat verib.

O bildirib ki, xilasetmə işlərinə dəstək göstərilməsi üçün Boqota və Medellin şəhərlərinin hakimiyyət orqanlarından fəlakət qruplarının göndərilməsi xahiş olunub.

“Hazırda iki nəfər sağ vəziyyətdə xilas edilib, onlardan biri yaşlı qadın, digəri isə azyaşlı qızdır. Dağıntılar altında qalan başqa insanlar da var”, - deyə Eder bildirib.

Merin sözlərinə görə, hazırda şəhərdə xilasetmə işlərinin aparıldığı ən azı 12 kritik məntəqə və uçmuş 25 tikili var.

xxx

19:43

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Pereyra şəhərinin meri Maurisio Salazar “Caracol Radio”ya bildirib ki, şəhərdə 18 nəfər ölüb, dağılan binalarda isə insanların dağıntılar altında qaldığı bildirilir.

Manisales şəhərinin meri Xorxe Eduardo Roxas isə “Blu Radio”ya müsahibəsində şəhərdə iki nəfərin öldüyünü deyib.

xxx

17:04

Kolumbiyada 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Tədqiqat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 134 minlik əhalisi olan Kartaqo şəhərində 31 km şimal-şərqdə olub. Zəlzələ ocağının dərinliyinin isə 115 kilometr olduğu bildirilib.

Zərərəçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.