İndoneziyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.
Bu barədə AFP yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
xxx
08:09
İndoneziyanın şərqindəki Flores adası sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələ və ardınca qeydə alınan bir neçə güclü təkan nəticəsində ölənlərin sayı beşə yüksəlib.
Bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat verib.
Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Melki Laka Lena Kupanqda keçirdiyi mətbuat konfransında bildirib ki, beş nəfər həyatını itirib, bir sıra binalar və yaşayış evləri zərər görüb, bəzi yollar isə torpaq sürüşmələri nəticəsində bağlanıb və ya istifadəyə yararsız hala düşüb. O əlavə edib ki, dağıntıların tam miqyasını müəyyənləşdirmək üçün məlumatların toplanması davam edir.
07:40
Xilasetmə xidmətlərinin yenilənmiş məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər yaralanıb. Daha əvvəl xilasedicilər iki nəfərin öldüyünü bildirmişdilər.
Flores adasının şimal sahilləri yaxınlığında baş vermiş 7,7 bal gücündə zəlzələnin vurduğu ziyanın miqyası hələ də qiymətləndirilir.
xxx
03:32
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, şənbə günü səhər İndoneziyanın şərqində 7,7 maqnitudalı güclü zəlzələ baş verib. USGS-in bildirdiyinə görə, yerli vaxtla saat 05:58-də (Bakı vaxtı ilə 01:58) Flores adasının sahilləri yaxınlığında, dayaz dərinlikdə baş verən zəlzələnin episentri Şərqi Nusa Tenqara əyalətində yerləşən Ende şəhərindən 68 kilometr məsafədə olub.
Geniş İndoneziya arxipelaqı “Sakit okeanın odlu halqası” üzərində yerləşdiyinə görə burada tez-tez seysmik və vulkanik aktivlik müşahidə olunur.
İyulun əvvəlində arxipelaqın şərqində 6,2 maqnitudalı zəlzələ baş vermiş, hadisə nəticəsində ölən və ciddi dağıntıya məruz qalan olmamışdı.