Brüssel hava limanı Almaniyanın Köln şəhəri ilə birbaşa yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub.
AZƏRTAC xəbər verir ki, yeni ICE qatarı hava limanını ilk dəfə on ildən artıq fasilədən sonra beynəlxalq yüksəksürətli dəmir yolu şəbəkəsinə birləşdirib. Köln şəhərindən yola düşən qatar Aaxen, Lyej, Leuven və Brüssel hava limanında dayanaraq təxminən iki saata Antverpenə çatır. Əks istiqamətdə də marşrut üzrə gündəlik reyslər həyata keçirilir.
“Deutsche Bahn” və Belçikanın “SNCB-NMBS” şirkətləri tərəfindən təşkil olunan xidmət çərçivəsində hər gün Köln ilə Antverpen arasında iki gediş-dönüş reysi yerinə yetirilir. Yeni ICE neo qatarları 400-dən çox sərnişin daşıya və saatda 300 kilometrədək sürətlə hərəkət edə bilir.
Brüssel hava limanının rəhbərliyi yeni bağlantını hava limanının beynəlxalq nəqliyyat qovşağı kimi inkişafında mühüm mərhələ hesab edir. Bildirilir ki, gələcəkdə daha çox yüksək sürətli beynəlxalq dəmir yolu əlaqəsinin yaradılması planlaşdırılır. Almaniya ilə Belçika arasında sərhədyanı ICE sərnişinlərinin sayı 2019-2025-ci illərdə təxminən 18 faiz artıb.