Kürdəmir şəhərində kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
xxx
10:27
Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı məlumata görə, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.