İtaliyanın bir neçə şəhərindəki məktəblərdə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı məlumatların yayılmasından sonra Baş nazir Corcia Meloni vəziyyəti qiymətləndirmək və zəruri tədbirləri əlaqələndirmək məqsədilə fövqəladə iclas çağırıb.
Bu barədə ANSA agentliyi baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
“Corriere della Sera” qəzetinin məlumatına görə, ölkə üzrə 300 məktəbin katibliyinə təhdid məzmunlu elektron məktub daxil olub. İtaliyanın paytaxtı da daxil olmaqla, onlarla təhsil müəssisəsi təxliyə edilib. Məktubda, həmçinin Baş nazirin avtomobilinə partlayıcı qurğunun yerləşdirildiyi iddia olunub.
15:44
xxx
Son həftələrdə İtaliyada supermarketlərin soyuducu sistemlərini hədəf alan kiberhücumlar və təyyarələrə qarşı saxta bomba xəbərdarlıqlarından sonra bu gün də ölkə üzrə 100-dən çox məktəbdə bomba həyəcanı elan edilib.
Bu haqda İtaliyanın "Rainews24" telekanalı məlumat yayıb.
“Mixail Andropov” imzası ilə göndərildiyi bildirilən elektron məktubda bəzi məktəblərdə bomba yerləşdirildiyi barədə məlumat verilməsi bir sıra təhsil müəssisələrinin təxliyəsinə səbəb olub.
Bomba təhdidi ilə bağlı elektron məktubu alan məktəblərdə müvafiq yoxlamaların aparıldığı, paytaxt Roma şəhərində də çoxsaylı məktəblərin təxliyə edildiyi bildirilib. Eyni zamanda Romanın Appio-Tuscolano rayonundakı məktəblərin, eləcə də yaxınlıqdakı uşaq bağçalarının boşaldıldığı qeyd olunub.
Müxalifətdəki Beş Ulduz Hərəkatının (M5S) deputatı Luka Pirondini bunun ciddi həyəcan siqnalı olduğunu bildirərək, daxili işlər naziri Matteo Piantedosini parlamentdə məsələ ilə bağlı məlumat verməyə çağırıb.