Podaqra və duz çöküntüsü zamanı istifadə edilən dərman bitkiləri hansılardır?

Podaqra və oynaqlarda duz çöküntüsü zamanı xalq təbabətində müxtəlif dərman bitkilərindən və bitki mənşəli qarışıqlardan istifadə olunub. Bu üsullar arasında bitkilərin dəmləmələri, kompreslər, təpitmələr və xüsusi bitki yığımları yer alır.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri” kitabında məlumat verilir.

Qeyd olunur ki, podaqra zamanı istifadə edilən bitkilərdən biri qara gəndəlaşdır (Sambucus nigra L.). Xalq təbabətində bu bitkinin yarpaq, qabıq, çiçək və kökündən hazırlanan dəmləmələrdən istifadə edilib. Xüsusilə çiçəklərinin dəmləməsi ənənəvi üsullardan biri kimi təqdim olunur. Bununla yanaşı, qara gəndəlaş çiçəyi və aptek çobanyastığından hazırlanan isti kompreslərin güclü podaqra ağrıları zamanı, eləcə də miozitdə tətbiq edildiyi bildirilir.

Dərman mərcanotu (Betonica officinalis L.), adi yasəmən (Syringa vulgaris L.), kiçik su gülü (Lemna minor L.) və bataqlıq gordəvəri (Comarum palustre L.) kimi bitkilərin də podaqra ilə bağlı xalq təbabəti reseptlərində yer aldığı göstərilir. Bu bitkilərdən dəmləmə və digər qarışıqlar hazırlanaraq ənənəvi müalicə üsullarında istifadə olunub. Kitabda dərman sürvəsi (Salvia officinalis L.) ilə hazırlanan vannalar və buxar prosedurları, qaragilə yarpağından (Vaccinium myrtillus L.) hazırlanan dəmləmələr, düz qaytarma (Potentilla erecta (L.) Raeusch.) və adi dazıotundan (Hypericum perforatum L.) istifadə üsulları da təsvir edilir. Bundan başqa, adi kasnı (Cichorium intybus L.), amerikan aqavası (Agave americana L.), üçbölümlü yatıqqanqal (Bidens tripartita L.), adi zirinc (Berberis vulgaris L.) və dərman bulaqotu (Veronica officinalis L.) podaqra zamanı xalq təbabətində istifadə edilən bitkilər sırasında sadalanır. Onların müxtəlif hissələrindən dəmləmələr, spirt məhlulları və digər bitki mənşəli vasitələr hazırlanması barədə məlumat verilir. Diqqət çəkən məqamlardan biri də podaqra zamanı istifadə üçün təqdim olunan çoxkomponentli bitki yığımıdır. Bu qarışığın tərkibinə əkin güləvəri, dərman gülümbaharı, daryarpaq pion, adi ardıc, ishal murdarçası, qara gəndəlaş, ağ söyüd, ikievli gicitkan, çöl qatırquyruğu və əyilən tozağacı daxildir. Kitabda göstərilən qaydaya əsasən, bitki xammalları müəyyən nisbətlərdə qarışdırılır, qarışıqdan bir xörək qaşığı götürülərək üzərinə 300 qram qaynar su əlavə edilir və yarım saat dəmlənir.

Bitkilərin düzgün tanınması, toplanma vaxtı və qurudulma şəraitinin əhəmiyyəti də vurğulanır. Bildirilir ki, bəzi bitkilərin təsiredici xüsusiyyətlərinin qorunması üçün onların müəyyən inkişaf mərhələsində toplanması və təbii şəraitdə qurudulması vacib hesab olunur. Eyni zamanda, oxşar görünüşlü bitkilərin qarışdırılması təhlükəli nəticələrə səbəb ola bilər. Bu baxımdan, bitki mənşəli vasitələrdən istifadə zamanı onların növünə və təhlükəsizlik xüsusiyyətlərinə diqqət yetirilməlidir.