Artıq dörd ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu strateji baxımdan olduqca əhəmiyyətli sayılan Cəbrayılı düşmən tapdağından azad edib. Cəbrayıl rayonunun çox qısa müddətdə işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurlu əks-hücum fəaliyyətinin ilk nümunələrindən biri oldu. Əks-hücum məhz Cəbrayıl rayonu istiqamətində başladı. Bu bölgənin işğaldan azad edilməsi Ermənistan ordusunun bir çox istiqamətdə fəaliyyətinə məhdudiyyət yaratdı.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Ələsgər Ağayev deyib.
O, Cəbrayıl rayonunun tarixi və erməni vandalizminin burada törətdiyi vəhşiliklər barədə məlumat verib: “Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Ermənilər işğal müddətində Cəbrayılı tamamilə dağıdıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə ermənilər rayonun 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv ediblər. İşğal nəticəsində rayona 13 min 928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Onu da qeyd etmək istərdim ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Hətta düşmən Cəbrayıl rayonu ərazisində bir neçə xətdən ibarət mühəndis-istehkam qurğuları inşa etmişdi”.
Cəbrayılın azad olunmasının müharibənin sonrakı gedişatına müsbət təsir göstərdiyini vurğulayan Ə.Ağayev deyib: “Dörd il bundan öncə Ali Baş Komandan düşmən təxribatına cavab olaraq təmas xətti boyunca əks-hücuma keçmək üçün əmr verdi. Bununla da İkinci Qarabağ müharibəsi başladı...

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurlu əks-hücum fəaliyyəti əvvəlcə məhz Cəbrayıl və Füzuli istiqamətindən başlayıb. Nəzərə alsaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar uğurla nəticələndi, Lələtəpə yüksəkliyi və eyni zamanda, Cocuq Mərcanlı kəndi düşməndən azad edildi. Əldə edilən təcrübədən yararlanaraq Silahlı Qüvvələrimiz əks-hücum fəaliyyətini elə həmin istiqamətdən reallaşdırdı. Düşmənin 30 ildə qurduğu “Ohanyan” səddi kimi tanınan və keçilməz olduğu barədə mif yaradılan maneələr darmadağın edildi.

Azərbaycan Silahlı Qüvvələri elə döyüşün ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, eyni zamanda, Füzuli rayonunun bir neçə kəndini işğaldan azad etdi. Növbəti mərhələdə düşmən əsasən əks-hücumu Füzuli istiqamətindən gözləyirdisə, bölmələrimizin həyata keçirdiyi nadir taktika və manevrlər nəticəsində Araz çayı boyunca və eyni zamanda, Cəbrayıl şəhərinə doğru irəliləməyə qərar verildi. Əlbəttə, həyata keçirilən taktiki manevrlər bəhrəsini verməkdə idi. Düşmənin əsasən daha çox texnika, tank və eyni zamanda, ağır artilleriyanı Füzuli və Cəbrayıl istiqamətlərində cəmləşdirdiyini nəzərə alsaq, Silahlı Qüvvələrimiz çox böyük qətiyyətlə irəliləməyi bacarırdı. Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədi boyunca və Araz çayı istiqamətində ilk olaraq sərhədlərimizin bərpa edilməsi fəaliyyəti həyata keçirildi. Nəticədə separatçıların və Ermənistan ordusunun İranla olan əlaqəsi kəsildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi separatçıların və eyni zamanda, Ermənistan ordusunun bir çox istiqamətdə konkret olaraq fəaliyyətinə məhdudiyyət yaratdı. Cəbrayılı işğaldan azad etdikdən sonra qüvvələrimizin Hadruta doğru irəliləməsi və oradan da Füzuli şəhərinə əks-hücum fəaliyyəti həyata keçirməsi düşməni şok vəziyyətinə salmışdı. Çünki düşmən öz ehtiyatlarını harada yerləşdirməsi və Ordumuzun qarşısına cəmləşdirməsi prosesini apara bilmirdi. Bu da ondan xəbər verirdi ki, düşmən getdikcə öz döyüş qabiliyyətini və əzmini itirirdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi, sonra Hadrut qəsəbəsinin Ermənistan ordusunun bölmələrindən təmizlənməsi düşmənin bir çox yolunun tamamilə ordumuzun nəzarətinə keçdiyini göstərirdi. Ermənistan birliklərinin şəxsi heyəti arasında yaranmış hərc-mərclik və pərakəndəlik mütləq şəkildə döyüşdə də özünü göstərməyə başlamışdı. Onlar Azərbaycan əsgərinin ayaq səslərini bir addımlıqlarında eşidirdilər. Bütün proseslərə nəzər saldığımızda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə və şanlı Ordumuzun həyata keçirdiyi nadir taktiki manevrlər Azərbaycanı qələbəyə doğru aparırdı. Bütün proseslər ard-arda baş verdi. Nəhayət, Ordumuzun Şuşa istiqamətində yolu açıldı. Azərbaycan Silahlı Qüvvələri Şuşada düşmənin əsas ağır birliklərini darmadağın edərək möhtəşəm tarixi Qələbəyə imza atdılar”.
A.Ağayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan Cəbrayıl rayonuna səfərini xatırladıb: “Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.

Hazırda işğaldan azad edilmiş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Cəbrayıl azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyev dəfələrlə rayondakı təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bütün bunlar isə dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür”.